Arılarda Amerika çürüməsi xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-07-01 00:00:00
Əlamətləri - Xəstə sürfələr qapalı gözlərdə tələf olaraq çürüyür və qəhvəyi kütləyə çevrilir. Kütləni çöp ilə dartdıqda sap kimi uzanır və dülgər yapışqanı iyi verir. Pətəyin qapağını açdıqda da həmin iy hiss olunur. Qurumuş sürfələr qara-qonur rəngdə olub gözcüyün aşağı divarına yapışır. Möhürlənmiş sürfələrdə möhürlər deşilmiş və ya içəri batıq olur. Ana arının təmizləmiş gözlərə düzənsiz olaraq yumurta qoyması amerika çürüməsinin tipik əlamətdir.
Profilaktikası - Arılara mənşəyi məlum olmayan bal və tozcuq verilməməlidir. Yeni alınmiş arı ailələri diqqətlə müayinə edilməli, 3 gün nəzarətdə saxlanılmalıdır. Xəstəliyin qarşısının alınmasının ən vacib şərtlərindən biri də xəstəliyə yoluxmuş arı ailələrinin sağlam ailələrlə bir yerdə saxlanmamasıdır.
Sağlam pətəkdə xəstə arılar müəyyən etdikdə, həmin ailələr lazımi qaydada yandırılmış kükürd qazı tüstüsü ilə məhv edilir. Pətəklər, avadanlıqlar, alətlər, onların qoyulduğu yerlər, həmçinin arıxana ərazisi dezinfeksiya edilir.
Amerika çürüməsinə qarşı mübarizədə vacib baytarlıq tədbiri olan dezinfeksiya işləri baytar mütəxəssislərinin nəzarəti altında aparılmalıdır.
Amerika çürüməsi ilə inamlı mübarizə metodlarında biri arı ailələrini təmiz şanları olan dezinfeksiya olunmuş pətəyə köçürməkdir. Bəzən ikiqat köçürmə, həmçinin aclıq ilə köçürmədən də istifadə edilir.
Amerika çürüməsinə görə qeyri-sağlam ailələrdən alınan bal yalnız qida üçün istifadə edilir.
Müalicəsi - Xəstəliyin müalicəsində səmərəli preparatları tapmaq üçün laboratoriyada ayrılmış törədicinin ştammının antibiotiklərə və sulfanilamid preparatlarına həssaslığı təyin edilir. Xəstə arı ailəsinə müalicə yemi verilir. Bunun üçün 1:1 nisbətində hazırlanmış 1lt şəkər şərbətinə göstərilən preparatlardan biri əlavə edilir:
1-2 q natrium norsulfazol;
-500 000 TV xlortetrasiklin;
-400 000 TV neomitsin, tetrasiklin, eritromitsin, mono- mitsin, oksitetrasiklin, kanamitsin;
-500 000 TV streptomitsin.
Müalicə yemini hazırlamaq üçün 100 ml qaynadılmış suyu 38-40 dərəcəyə qədər soyutduqdan sonra lazımi miqdarda preparat əlavə edilir və diqqətlə qarışdırılır. Hazır məhlul 900 ml şəkər şərbətinə əlavə edilir. Müalicə yemi axşamlar hər çərçivə aralığına 100-150 ml hesabı ilə verilir. Müalicə arı ailəsi tam sağalanadək 3-7 gündən bir davam etdirilir.
Xəstəliyin müalicəsində həmçinin bir sıra hazır preparatlardanda istifadə edilir.
Xəstəlik baş verdikdə və bu əlamətlərə rast gəldikdə baytar həkimlərinə vaxtında müraciət etmək lazimdır.Düzgün diaqnoz, müalicə və profilaktiki tədbirlər barədə tövsiyələr mütəxəssis tərəfindən verilməlidir. Əks tədqirdə, arı ailələrini bütövlüklə itirə bilərsiniz!