Bakıda Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib
2024-07-01 00:00:00
Bakıda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
Əvvəlcə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın 6-cı iclasının iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
İclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Vladimir Malinovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası öz işinə başlayıb.
Qonaqları salamlayan Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bununla belə Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Nazir iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznes forumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullarımız haqqında mütəmadi məlumat mübadiləsi, o cümlədən beynəlxalq sərgilərdə qarşılıqlı fəallıq, işgüzar dairələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsulların üçüncü ölkələrə ixrac olunması üçün əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıb.
2020-ci ildə Azərbaycanın tarixi ədaləti bərpa etməklə 30 il işğal altında olan torpaqlarını azad etdiyini xatırladan nazir Məcnun Məmmədov işğal zamanı Azərbaycanın bütün şəhər və kəndlərinin dağıdıldığını, tarixi, mədəni və dini obyektlərin məhv edildiyini diqqətə çəkib. Nazir Məcnun Məmmədov əlavə edib ki, hazırda yaşıl bərpa prinsipləri və ağıllı konsepsiyalar əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir.
Regionlararası əməkdaşlığın mühüm olduğunu deyən nazir Məcnun Məmmədov beynəlxalq platformalarda da ölkələrin haqlı mövqeyinin qarşılıqlı müdafiəsinin mühüm olduğunu vurğulayıb.
Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, energetika naziri Vladimir Malinov qeyd edib ki, Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə - ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və bir çox başqa sahələrdə Azərbaycanla əməkdaşlıq üçün mövcud imkanlardan istifadədə maraqlıdır. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması vacib əhəmiyyət daşıyır. Azərbaycanı Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşı adlandıran Vladimir Malinov Bolqarıstana və Cənub-Şərqi Avropa regionuna təbii qazın nəqli üçün mənbələrin və marşrutların şaxələndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Bolqarıstanın energetika naziri Cənub Qaz Dəhlizinin genişləndirilməsinin tərəfdarı olduqlarını və Azərbaycandan əlavə həcmdə təbii qazın alınması imkanlarını müzakirə etməyə hazır olduqlarını bəyan edib.
Daha sonra Azərbaycan-Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Tərəflər Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının gələn il Bolqarıstanda keçirilməsi barədə razılığa gəliblər.