Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti ilə görüş keçirilib
2024-07-24 00:00:00
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə bioloji preparatların yerli şəraitdə istehsal texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi, o cümlədən bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin tətbiqi ilə bağlı işlərlə yerində tanış olmaq məqsədi ilə ölkəmizə səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Aqrar Xidmətlər Agentliyində (AXA) görüş keçirib. Görüşdə AXA-nın sədr müavini Anar Əzimov qonaqlara AXA-nın ümumi fəaliyyət istiqamətləri, xüsusilə də laboratoriya şəbəkəsi haqqında geniş məlumat verib. Görüşdə bioloji mübarizə vasitələrinin, biopestisidlərin və pestisidlərin istehsalı, bazarın dövlət tənzimlənməsi, bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin tətbiqi məsələləri, habelə iki ölkə arasında qeyd olunmuş istiqamətlərdə mümkün ola biləcək əməkdaşlığa dair müzakirələr aparılıb. Nümayəndə heyətinin AXA-nın entomofaqların istehsal laboratoriyasına səfəri planlaşdırılıb.