Pambıq sahələrində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam etdirilir
2024-07-25 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir. Ümumilikdə bugünədək Respublika üzrə pambıq sahələrində pambıq sovkasına qarşı 31 min hektar sahədə müşahidə aparılmış, 29 min hektar ərazidə sirayətlənmə aşkar olunmuş, sirayətlənmiş 29 min hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bildiririk ki, Pambıq sovkası (Helicoverpa armigera Hb.) Azərbaycanda pambığın ən qorxulu zərərvericisi olmaqla bir sıra bitkilərə, o cümlədən qarğıdalıya, pomidora, noxuda, tütünə və diğər mədəni bitkilərə zərər vurur. O, polifaq zərərverici olmaqla Azərbaycanda 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır. Zərərverici Azərbaycanda bütün pambıqçılıq rayonlarında geniş yayılıb.
Pambıq sovkası, əsasən generativ orqanlara - qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Əksər hallarda qönçələrin daxili yeyilir ki, zədələnmiş belə qöncələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir. Qozaların içərisində isə tırtıl onun daxilini toxumla bərabər yeyir. Zədələnmiş qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanin yalnız zədələnməmiş qanadları açılır. Zədələnmiş qozalarda lifin keyfiyyəti pisləşir. Bir tırtıl həyatı boyu 2-3 qoza da daxil olmaqla 20-dək bar orqanını zədələyə bilir. Vegetasiyanın sonunda pambıq sovkasının vurduğu ziyan daha böyük olur, bu zaman yenidən əmələ gələn qozalar məhsul verə bilmirlər.
Pambıq sovkasını aşkar etməkdən ötrü feromonlu tələlərdən istifadə edilir. Sovka kəpənəklərinin uçuşa başlamalarına 7-10 gün qalanda hər 10 ha pambıq əkini sahəsinə 1 ədəd feromonlu tələ asılır. İlk kəpənək tutulduqdan sonra tələlərin miqdarı artırılır və 2 ha-ya bir tələ asılır. Tutulmuş kəpənəklərin miqdarı əsasında zərərvericinin populyasiya sıxlığını və tırtılların çıxma vaxtlarını proqnozlaşdırmaq olar. Sahələrdə zərərverici müşahidə edildikdə fermerlər Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (zərərsizləşdirmə) yerli qurumlarına müraciət edə bilərlər.