Quşlarda sinqamoz xəstəliyi
2024-08-12 14:02:31
Quşların sinqamozu nematodlar tərəfindən törədilən helmint xəstəliyidir. Sinqamus nematodu (qurdu) qırmızı rəngdə olub quşların traxeya və bronxlarında parazitlik edir. Xəstəliyə toyuqlar, hind toyuqları, qırqovullar, sığırçınlar yoluxurlar. Əsasən cavan quşlar həssasdır.
Quşlar birbaşa və yaxud aralıq sahibi olan yağış qurdları vasitəsi ilə yoluxurlar. Yem və su vasitəsi ilə orqanizmə daxil olan helmint yumurtalarından sürfələr çıxaraq qan vasitəsi ilə traxeyaya çatır və orada məskunlaşırlar. Yetkinləşən helmintin qoyduğu yumurtalar ağız boşluğuna düşür. Oradan isə bağırsağa keçərək xarici mühitə atılır.
Əlamətləri - güclü yoluxma olduqda quşlar helmintdən azad olmaq üçün boyunlarını uzadaraq dimdiklərini açırlar, əvvəlcə asqırmaq səsinə oxşar öskürək səsi, ardınca isə fit səsinə bənzər səs çıxararaq başlarını silkələyirlər. Traxeyada və bronxlarda çoxlu sinqamuslar toplandıqda quşlarda boğulma baş verir. Sinqamuslar tənəffüs yollarına mexaniki təsir göstərərək qan damarlarını partladırlar. Bunun da nəticəsində qanaxma və boğulma baş verir. Cücələr yoluxduqda tələfat 80%-ə çata bilər.
Diaqnoz – traxeyayanı işıqlandırmaqla helmintlərin yığılmasını müşahidə etmək mümkündür.
Təfriqi diaqnoz – larinqotraxeit, infeksion bronxit, rinotraxeit, mikoplazmoz, kolibakterioz kimi infeksion xəstəliklərdə quşlar asqırmaq səsinə oxşar öskürək səsi çıxarırlar. Lakin bu xəstəliklərdə quşlar arasında yoluxma sürətli gedir və tələfat çox olur. Bu səbəbdən xəstəlik əlamətləri göründükdə baytar həkimlərinə müraciət etmək tövsiyə edilir.
Müalicəsi – yod preparatlardan istifadə yaxşı effekt verir.
Profilaktikası – toyuqların gəzintisi üçün yağış qurdlarının inkişaf etmədiyi qum və gilli sahələrin ayırmasıtövsiyə olunur.