Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
2024-08-26 00:00:00
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Zaqatala və Qax rayonlarında keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Rayon İcra Hakimiyyətlərinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri iştirak edib.
Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Qaydalara əsasən, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. AQTİS heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi heyvan xəstəlikləri ilə mübarizədə heyvanların identikləşdirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, analoji görüşlərin respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulur.
Qoyunların sağım sanitar-gigiyenası
2020-07-02 00:00:00