Bölgələrdə Qəhvəyi Mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir
2024-09-09 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feremon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.
Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib. Zərərvericiyə qarşı mübarizə məqsədilə cari ilin mart ayından başlayaraq 52 rayonda 13429 ədəd feromon tələ quraşdırılıb. Monitorinqlər nəticəsində zərərvericinin 2365 ədəd yetkin fərdi, 131 ədəd nimfası aşkar edilmişdir. Zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilmişdir. Sirayətlənmə səviyyəsinin yüksək olduğu 14 ocaqda (33.7 hektar ərazidə) bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.
Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.