Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri
2024-10-02 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın müxtəlif bölgələrində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata kecirilir.
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən cari ilin əvvəlindən bugünədək umümilikdə 770 hektar sahədə müşahidə aparılıb, 414 hektarda sirayətlənmə qeydə alınıb, 414 hektarda mübarizə tədbirləri aparılıb.
Mexaniki mübarizə zamanı ağaclarının zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Qeyd edək ki, Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Kimyəvi mübarizədə dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş təsiredici maddəsi diflubenzuron 0.3 l/ha, fastoks (0,2-0,3 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s.preparatlardan istifadə olunması tövsiyə olunur.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.