Qarayara insan və heyvanların təhlükəli yoluxucu xəstəliyidir
2025-01-23 00:00:00
Qarayara bütün növ kənd təsərrüfatı, vəhşi heyvanların, həmçinin insanlar üçün xüsusi təhlükəli zoonoz xəstəlikdir. Xəstəlik gedişi ildırımvari, iti və yarım iti formadadır.
Epizootologiyası:
Törədicinin yoluxma mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin qaldığı və ya basdırıldığı torpaq ərazisi hesab olunur. Törədici torpaqda kapsula (spor) yaratmaqla 100 ildən artıq qala bilir.
Klinik əlamətləri:
- inkubasiya dövrü 1-3 gündür;
- xəstəlik zamanı bədən temperaturu 42.5° C-dək yüksəlir, iştahsızlıq, zəiflik, tənəffüs çətinliyi, nəbz tezliyi müşahidə olunur, görünən selikli qişalar göyumtul şişkin olur;
- qanda laxtalanma getmir;
- xəstəlik 3-7 gün çəkir və asfiksiya (boğulma) nəticəsində ölüm baş verir. Yarım iti formada xəstəlik iki-üç aya qədər çəkə bilər;
- xəstəlikdən ölmüş heyvanın cəsədi tez bir zamanda şişir əzələlərdə gərilmə olmur, anus və burun ətrafında göyərmə müşahidə olunur;
- cəsədin təbii dəliklərindən qanlı selik axıntısı müşahidə olunur;
- dəri formasında dəridə qara, yaşıla çalan rəngdə nekrotik yaralar müşahidə olunur;
- ağ ciyər formasında ağız və burun dəliklərindən qanlı köpük axır;
- mədə-bağırsaq formasında kal ifrazı əvvəlcə ləngiyir, sonra qanlı ishal baş verir, sidik tünd qırmızı rəng alır.
Profilaktika və mübarizə üsulları:
Xəstəliyə diaqnoz qoyulduqdan sonra təcili karantin elan edilir və mövcud təlimata uyğun tədbirlər həyata keçirilir. Stasionar qeyri-sağlam məntəqələrdə (onlara torpaq ocaqları deyirlər) şərti sağlam heyvanlara profilaktika məqsədilə vaksinasiya aparılır. Qarayaradan ölmüş heyvanların basdırıldığı torpaq və ya heyvanların yoluxmasına səbəb olan ərazi torpaq ocağı adlandırılır. Epizootik yüksəlmə zamanı xəstəlik əlamətlərindən asılı olmayaraq sürüdəki bütün heyvanlar vaksinasiya edilməlidir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi bildirir ki, hazırda Qarayara xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunması və davamlı olması məqsədi ilə tövsiyə edilir ki, sahibkarlar heyvanlar arasında xəstəliyin baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar.