Bakıda xırdabuynuzlu heyvanların taunu və dabaq xəstəliklərinə həsr olunmuş beynəlxalq tədbir keçirilib
2023-04-28 00:00:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Suriya, İran, İraqdan olan nümayəndələr və beynəlxalq ekspertlər iştirak edib.
Seminarın açılışında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Nazirlər kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Azərbaycan Respublikasının Qida Təhlükəsziliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Ümümdunya Heyvan Sağlamlığı Təşkilatının subregional ofisinin rəhbəri Mereke Taytubayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə ofisin rəhbəri Mark xovar, Bakı ofisinin icraçı rəhbəri Bariz Mehdiyev iştirak edib.
Tədbirdə respublikamızın WOAH, FAO və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya”ya uyğun xəstəlikdən azad statusun alınması, “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyətin davam etdirilməsi və mütəmadi olaraq xəstəliklərə nəzarətin təmin olunması hədəflərdən biri kimi müəyyənləşdirilib.
Heyvan sağlamlığının qorunmasında baytarlıq xidmətlərinin əhəmiyyəti qeyd olunaraq xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq heyvanların vaksinasiyaya cəlb edildiyi, dövlət-özəl əməkdaşlığının yaradıldığı, heyvanların identikləşdirilməsinə başlanıldığı, yüksək patogen quş qripi, dabaq, quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə edilməsi üçün komissiyanın təşkil olunduğu və aidiyyəti qurumlarla birlikdə mütəmadi qaydada simulyasiya təlimləri keçirildiyi bildirilib.
Seminarda Qərbi Avrasiya ölkələri üzrə dabaq və qoyunların taun xəstəliklərinə qarşı strategiyalar müzakirə edilərək beynəlxalq təşkilatlalar tərəfindən əməkdaşlığın daha da intensivləşdirilməsi tövsiyyə edilib.