Ağdam və Tərtər rayonlarında buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair təlim keçirilib
2023-05-17 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi ilə bağlı “Buğda pası xəstəliklərinə dayanıqlı sortlar və inteqrir bitki mühafizəsi tədbirləri” mövzusunda Ağdam və Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzində bölgə fermerləri üçün təlim keçirilib. Təlimdə, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri və bölgə fermerləri iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd buğda pasına davamlı sortların seleksiyası və toxumçuluğu, həmçinin buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlı fermerlərin təcrübə və biliklərinin artırılması və mövcud potensialın gücləndirilməsidir.
Təlimdə FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin əməkdaşı Fazil Düşüncəli Qafqazda və Mərkəzi Asiyada pas xəstəliyinin mövcud vəziyyəti və həyata keçirilən innovativ mübarizə tədbirləri, eləcə də inteqrir mübarizə tədbirlərinin üstünlüklərindən danışıb.
Mütəxəssislər tərəfindən iştirakçılara buğda bitkisində müşahidə olunan pas xəstəliyinin növləri, xəstəliyə davamlı sortların yaradılması və mübarizə tədbirləri, eləcə də inteqrir bitki mühafizəsi sisteminin prinsipləri, tətbiq imkanları və ətraf mühitin qorunmasında rolu barədə ətraflı məlumatlar verilib.
Sonda təlim iştirakçıları tərəfindən buğda sahəsinə baxış keçirilib, pas xəstəliklərinin əlamətləri əyani olaraq izah olunub və müzakirələr aparılıb.