Qoyunların qırxılma və ektoparazitlərə qarşı çimizdirilmə qaydaları - Fermerlərə tövsiyə
2024-04-23 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, baytarlıq-sanitariya qaydalarına uyğun olaraq, yazda qoyunlar yaylaq şəraitinə keçirilməzdən əvvəl qırxılmalı, sonra ektoparazitlərə (qoturluq, dəmrov və digər dəri xəstəliklərinə) qarşı çimizdirilməlidir. Heyvandan uzun yun almaq məqsədi ilə ildə bir dəfə (yazda) əsas qırxım aparılır. Qabayunlu qoyunlarla, zərifyunlu qoyunların mələzi ildə iki dəfə (yazda və payızda) qırxılır. Qabayunlu qoyunların quzuları doğulduğu mövsümdən asılı olaraq 1-2 dəfə, qırxılır (avqustdan gec olmayaraq). Yaz qırxımı iqlim şəraitindən asılı olaraq aprel ayından başlayaraq iyunun 15-nə, payız qırxımı isə sentyabrın 1-dən başlayaraq oktyabrın 1-nə qədər davam edir. Romanov cinsli qoyunlar ildə üç dəfə yazda (mart, aprel ), yayda (iyul) və payızda (sentyabr ayının ikinci yarısı) qırxılır. Quzular isə 2 dəfə (5-6 aylıqda) yayda və payızda qırxılır. Payızda ətliyə verilən qoyunlar qırxılmamalıdır. Qırxım isti, küləksiz və quru havalarda xüsusi binalarda, çardaq altında və ya pəyədə təşkil edilməlidir. Qırxım yeri işıqlı və təmiz, həmçinin yerin döşəməsi taxtadan olmalıdır. Çox isti və soyuq binalarda qırxım aparılmasına yol verilməməlidir. Eləcə də çox çirklənmış qoyunlar qırxımdan bir həftə qabaq çimizdirlir. Qırxım yerində bir qoyuna 1 kvadratmetr sahə düşməlidir. Qırxılacaq qoyun sürüsünə axşamdan su və yem verilməməlidir, çünki su və yem verilmiş qoyunları qırxarkən onlarda mədə-bağırsağın peristaltikası pozulur, timpaniya baş verir. Bundan başqa, onlar məcburi nəcis və sidik ifraz edirlər ki, bu da yunun çirklənməsinə səbəb olur. Yağışdan və şehdən islanmış qoyunların yunu quruduqdan sonra qırxılır. Qırxımdan əvvəl sürü baytarlıq müayinəsindən keçirilməlidir. Qırxım zamanı əvvəlcə sağlam, sonra xəstə qoyunlar qırxılmalıdır. Xəstə (qotur, dəmrovlu və s.) qoyunların qırxılması xüsusi ayrılmış qapalı yerlərdə aparılır. Belə qoyunların yunu ayrıca yığılır. Xəstə qoyunlar qırxıldıqdan sonra qırxım alətləri, döşəmə, paltar və s. avadanlıqlar dezinfeksiya edilməlidir. Qırxım qayçı ilə və ya elektromexaniki (maşın) üsullarla aparıla bilər. Maşınla qırxımın üstünlüyü çoxdur, çünki bu üsulda qırxım dərinin hər yerində bərabər gedir, yun daha uzun qırxılır, əmək məhsuldarlığı xeyli artır, yun az çirklənir və s. Qoyunun əvvəl sağ tərəfi-arxa və qabaq ayaqları, sonra isə qarın nahiyəsi, sağ tərəfdə qırxım qurtardıqdan sonra onu sol tərəfinə çevirərək qalan hissəsi, axırda baş və quyruq nahiyələri qırxılır. Qırxım sürətlə aparılmalı və qısa vaxtda qurtarmalıdır. Qırxımdan sonra qoyunlar çardaqlara və binaya salınır, quzusu olan qoyunlar isə quzunun yanına salınır ki, quzu anasını tanısın. Qırxılmış sürü 10 gün binanın yaxınlığında otarılmalıdır ki, yağışlı və soyuq havalarda sürünü tez bir zamanda tövləyə salmaq mümkün olsun. Cənub rayonlarında qırxılmış sürü, qızmar günəş şüasından və yüksək temperaturdan qorunmalıdır. Eləcə də qırxım aparılan ərazi dezinfeksiya olunmalıdır. Qoyunlar qırxımdan sonra müayinə edilir, bədəndə olan kəsiklər antiseptiki işlənir.
Qeyd edək ki, qırxımdan sonra mütləq qaydada heyvanlar baytar həkiminin göstərişi əsasında xüsusi hazırlanmış məhlulda çimizdirilməli və kölgədə quruması təmin olunmalıdır. Heyvanların qırxım və çimizdirilmə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Bildiririk ki, Respublikanın 12 rayonunda ( Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəki, Şəmkir və Tovuz ) müasir standartlara uyğun qırxım və çimizdirilmə məntəqələri fəaliyyət göstərir ki, burada da qoyunların təhlükəsiz qaydada qırxımı və çimizdirilməsi mütəxəssis nəzarəti altında həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi (AXA) fermerlərə qoyunların yaylağa köçürülmədən öncə qeyd olunan məntəqələrdə qırxılmasını və çimizdirilməsini tövsiyə edir.