Otlaq sahələrində heyvanların yoluxa biləcək potensial transmissiv xəstəlikləri
2024-05-29 00:00:00
Otlaq sahələrində heyvanlar otarılan zaman bir çox xəstəliklərin transmissiyası baş verir. Bunlara qan - parazitar xəstəliklər, qurd xəstəlikləri, dəri - parazitar xəstəliklər, eləcə də infeksion xəstəliklər aiddir.
Qan-parazitar xəstəlikləri həşaratlar və gənələr vasitəsi ilə heyvanlara ötürülür. Otlaq sahələrində olan gənələr ötürücülər sayılır, onlar heyvanların qanını soran zaman xəstəliyi qana keçirir. Bu gənələr vasitəsi ilə teylerioz, piroplazmoz, babezioz, franselyoz və sair qan parazitar xəstəlikləri heyvanlara keçir.
Profilaktikası: heyvanlar təlimata uyğun olaraq vaxtaşırı gənələrə qarşı çimizdirilməlidir. Xəstəlik riskləri olan təsərrüfatlarda qan - parazitar xəstəliklərinə qarşı müalicəvi dərman preparatlarının profilaktiki məqsədlə inyeksiyası tövsiyə edilir.
Helmint (qurd xəstəlikləri) otlaq ərazidə qurd yumurtalarının yetişməsi və inkişafı üçün münbit şərait vardır. Bu ərazilərdə vəhşi heyvanların, itlərin və digər heyvanların kalı vasitəsilə xaric edilən qurd yumurtaları, süfrələri ot vasitəsi ilə kənd təsərrüfatı heyvanlarının mədəsinə daxil olur. Qurd xəstəlikləri (fasiolyoz, askaridioz, manezioz, exinokokkoz və sair) kənd təsərrüfatı heyvanlarına ciddi ziyan vurur.
Profilaktikası: heyvanlara saxlandığı bölgənin iqliminə və qurd xəstəliklərinin artım dərəcəsi nəzərə alınmaqla vaxtaşırı antihelmentik (qurd əleyhinə) preparatlar verilməlidir.
Bradzot xəstəliyi xırda buynuzlu heyvanlar (əsasən qoyunlar) arasında təsadüf edilən xəstəlikdir. Heyvanların yoluxması yem tərkibinin birdən-birə dəyişməsi, yeni göyərmiş otun həddindən artıq qəbulu, otlaq ərazilərdə köhnəlmiş nohur sularının və otlağın amilin sporları ilə çirklənməsi nəticəsində baş verir.
Profilaktikası: qoyun və keçilər bradzot xəstəliyinə görə təlimata uyğun olaraq vaxtında (cavan heyvanlara iki dəfə 20-30 gün fasilə ilə, yaşlılarda ildə bir dəfə) peyvənd olunmalıdır.
Quduzluq xəstəliyi otlaq ərazilərdə daim vəhşi heyvanlara (tülkü, çaqqal, canavar) rast gəlmək olur. Kənd təsərrüfatı heyvanları onların hücumuna məruz qalaraq bu xəstəliyə yoluxa bilər. Quduzluq xəstəliyinin daşıyıcısı olan heyvanın ağız suyu otlaq şəraitində kənd təsərrüfatı heyvanlarının təmas edə biləcəyi səthlərə düşərsə, heyvanın dil, damaq, dırnaq nahiyəsində zədə varsa xəstəliyin keçmə ehtimalı yaranır.
Profilaktikası: yalnız itlərin profilaktik peyvəndlənməsi nəzərdə tutulmuşdur. Müstəsna hallarda (təsərrüfatda olan iri buynuzlu, xirda buynuzlu heyvanlar, təkdırnaqlılar arasında quduzluq əlaməti olarsa və ya xəstəlik aşkarlanarsa) digər heyvanlar peyvəndləməyə cəlb olunur. Ərazidə olan vəhşi heyvanlarda müvafiq qaydada oral peyvəndlənmə aparılır.
Otlaq ərazisində qeyri-sağlam təsərrüfatlardan gəlmiş heyvanların otarılması sayəsində yayılan xəstəliklər bunlardan dabaq, çiçək və s. kimi infeksion xəstəlikləri, trixofitiya, qoturluq kimi dəri parazitar xəstəlikləri göstərmək olar.
Profilaktikası: heyvanlar dabaq və digər infeksion xəstəliklərə qarşı vaxtında peyvənd edilməlidir. Qeyri-sağlam təsərrüfatda olan heyvanlar başqa əraziyə buraxılmamalı, əraziyə heyvanlar və külək vasitəsilə gətirilmiş dəri, yun, ölmüş heyvan sümükləri təmizlənməli və yerləri dezinfeksiya olunmalıdır.