Toxumluq taxıl sahələrinin aprobasiyasına başlanılıb
2024-06-04 00:00:00
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Bu məqsədlə cari ilin may ayının sonlarından Aqrar Xidmətlər Agentliyinin müvafiq əmrinə əsasən özəl və dövlət toxumçuluq təsərrüfatlarında Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının əkin sahələrinin aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Belə ki, ətraf rayonların nümayəndələri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində aprobatorların aprobasiya prosesi üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, habelə şəffaflığın təmin edilməsi və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda təlim keçirilib.
Sonda təlimə cəlb olunan mütəxəssislər metodiki təlimatlarla təmin olunublar. Aprobatorlar tərəfindən sahələrin aprobasiyası zamanı sort təmizliyi müəyyən edilir, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsi təyin edilir, aprobasiya sənədləri tərtib olunur. Müvafiq standartların tələblərinə cavab verməyən sahələr çıxdaş edilir. Bugünədək 933 hektar toxumluq taxıl sahələrində aprobasiya aparılıb. Hazırda toxumluq taxıl əkin sahələrinin aprobasiyası davam etdirilir
Qeyd edək ki, tarla aprobasiyasının aparılmasında məqsəd toxumların sortluq və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu yoxlamaq və fermerləri keyfiyyətli toxumlarla təmin etməkdir.
Lənkəranda çəltik əkinlərində alaq...