Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
2024-06-27 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının birinci nəslinin yumurtalarına qarşı Beyləqan rayonunda “Azərpambıq” MMC-yə məxsus olan 3140 hektar, MKT şirkətinə məxsus 4713 hektar pambıq sahəsində trixoqramma ilə bioloji mübarizə tədbirləri aparılıb.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi və.s ) yumurtasının daxilinə qoyur.
Həşəratın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Zərərverici orqanizmlərin hər nəslinə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqrammanın tətbiqi nəzərdə tutulur.
Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur. Bioloji mübarızə tədbirləri davam etdirilir.
Kaliforniya çanaqlı yastıcası meyvə...