Tərtərdə intensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları mövzusunda təlim keçiriləcək
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı və “Grand-Agro İnvitro” MMC-nin dəstəyi ilə Tərtər şəhərində “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim təşkil olunacaq.
Təlim aqronomluq, bağçılıq və tingçilik sahələri üzrə beynəlxalq məsləhətçi, ixtisaslaşmış şirkətin baş icraçı direktoru Dr. G. Cihangir Korkmaz tərəfindən aparılacaq. Uludağ Universitetinin Torpaqşünaslıq və Bitki Qidalanması ixtisası üzrə magistr və fəlsəfə doktoru dərəcələrinə sahib olan mütəxəssis aqrar sahədə uzunillik təcrübəyə malikdir.
Proqram nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. Nəzəri hissədə intensiv bağların qurulması və məhsuldar bağın idarə edilməsi, calaqaltı seçiminin intensiv bağçılıqda rolu və üstünlükləri, eləcə də sertifikatlı ting istehsalı mövzuları əhatə olunacaq.
Praktiki hissə meyvə ağaclarının formalaşdırılması və budanması qaydalarına həsr ediləcək. İştirakçılar sahə şəraitində düzgün budama texnikaları və ağacların inkişafının idarə olunması üsulları ilə tanış olacaqlar.
Təlim proqramının əsas məqsədi müasir tingçilik və intensiv meyvə bağçılığı sahəsində elmi-praktiki biliklərin artırılması, sertifikatlı ting seçimi və istehsalı, intensiv bağların düzgün salınması və idarə olunması bacarıqlarının formalaşdırılmasıdır. Eyni zamanda məhsuldarlığın yüksəldilməsi və gəlirli bağ təsərrüfatlarının qurulması istiqamətində praktiki bacarıqların inkişafı hədəflənir.
🗓 Təlimin tarixi: 11 mart 2026-cı il
⏰ Başlama saatı: 09:30
📌 Məkan: Tərtər Gənclər Evi
18