Aqrar Xidmətlər Agentliyində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
2022-10-21 10:49:31
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Azərbaycanda səfərdə olan Gürcüstan Respublikasının Milli Qida Agentliyinin rəis müavini Vasili Basiladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Nazirliyin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Qida Təhlükəsizliyi Agentliyi İnstitutunun və Milli Qida Agentliyinin əməkdaşları, həmçinin Gürcüstan Dövlət Kənd Təsərrüfatı Laboratoriyasının direktoru Irakli Guledani, Dövlət Kənd Təsərrüfatı Laboratoriyasının direktor müavini Ana Gulbani, Dövlət Kənd Təsərrüfatı Laboratoriyasının Heyvan xəstəliklərinin diaqnostikası şöbəsinin müdiri Marina Donduashvili iştirak ediblər.
Anar Əzimov Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən struktur islahatları, müasir standartlara cavab verən laboratoriyaların yaradılması barədə məlumat verərək, Gürcüstanla Heyvan saglamlığı sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Gürcüstanın Milli Qida Agentliyinin rəis müavini Vasili Basiladze iki ölkə arasında Heyvan sağlamlığı ilə bağlı birgə əməkdaşlığa, eləcə də laboratoriyalararası əlaqələrin təşkilinə önəm verdiyini diqqətə çatdırıb.
Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin rəhbəri Məsud Xatibi ölkəmizdə baytarlıq sahəsində həyata keçirilən institusional dəyişikliklər, həyata keçirilən profilaktiki vaksinasiya tədbirləri, EKTİS, fermerlərə daha çevik laboratoriya xidməti göstərmək üçün müasir laboratoriya şəbəkəsinin gücləndirilməsi, Özəl Baytarlıq Xidmətinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi nailiyyətləri, strukturu və baytarlıq laboratoriyalarının fəaliyyəti, yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, eləcə də Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib. Həmçinin baytarlıq sahəsində təhlükəli patogenlər tərəfindən epidemiyaların qarşısının alınması, aşkar edilməsi və bu halda baytarlıq laboratoriya fəaliyyətləri üzrə (nümunənin qəbulu, emalı, daşınması, laboratoriya diaqnostikası) bacarıqların artırılması, laboratoriya sahəsində beynəlxalq standartlar üzrə təlimlərin keçirilməsi, məlumat mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Yekunda Aqrar Xidmətlər Agentliyi ilə Gürcüstan Respublikası Dövlət Kənd Təsərrüfatı laboratoriyası və Gürcüstanın Milli Qida Agentliyi ilə birgə fəaliyyət planı imzalanıb.