Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcəkdir
2022-05-11 00:00:00
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq 14 may 2022-ci il tarixində saat 11:00-da Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcəkdir. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçıları öz məhsullarını nümayiş etdirməklə, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi, həmçinin yaz tarla işlərinin başlanması ilə bağlı fermerlərdə böyük ruh yüksəkliyi yaratmaqdır.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayənələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. Bildiririk ki, iştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil ediləcək və xüsusi endirimli hotellərlə təmin ediləcəkdir.
Tədbirdə həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, festival iştirakçılarından təamlar, bir sıra mədəni–etnoqrafik tədbirlər təşkil ediləcəkdir.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, Bahar 22” müsabiqəsi “Nərd çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcəkdir.
Hər müsabiqə üzrə qaliblər üçün nəzərdə tutulan mükafatlar:
1-ci yer – 500 manat, 2-ci yer – 300 manat, 3-cü yer – 200 manat
Yaz festivalında iştirak etmək istəyən təchizatçılar qeydiyyat üçün Aqrar Xidmətlər Agentliyi ilə əlaqə saxlasınlar.
Xəbərlər