Zeytun ballıcası və ona qarşı mübarizə tədbirləri
2023-07-11 00:00:00
Zeytun ballıcası (Euphyllura olivina Costa, 1839) , zeytun ağacının becərildiyi ərazilərdə, o cümlədən Abşeron yarımadasında geniş yayılmaqla, zeytun bağlarına ciddi ziyan vuran zərərvericidir.
Zərərvericinin yetkin fərdləri açıq və ya qəhvəyi-yaşıl rəngli, 2-3 mm böyüklüyündədirlər. Ön ayaqları isə açıq qəhvəyi rəngə meyillidir. Yaxşı inkişaf etmiş və irəli əyilmiş başı möhkəm bir görünüşə malikdir, qanadları arxaya bükülmüşdür. Zərərvericinin həm sirfə, həm də yetkin forması deşici-sorucu ağız aparatına malik olur.
Yumurtalar ellipsoid formaya malik olmaqla, ön tərəfi bir az uclu, arxa tərəfi nisbətən yuvarlaqdır, ölçüləri 0,35 x 0,14 mm, rəngi ilk vaxtlarda ağımtıl, sürfələrin çıxma ərəfəsində isə tədricən sarı-narıncı rəngdə olur.
Zeytun ballıcası yetkin yaşda budaqlarda və yarpaq ləçəklərinin dibində və ya tumurcuqların yaxınlığında qışlayır.
Yaz dövründə qışlamadan çıxmış yetkin fərdlər havanın temperaturu 10-11oC olduqda (aprel ayının 2-ci, 3-cü ongünlüyü) yenidən fəaliyyətə başlayırlar və dişilər yumurtalarını tumurcuqlara, yarpaqların ləçəklərinə və çiçəkli salxımlara qoyurlar. Zərəverici 12-30oC temperatur aralığında yüksək reproduktiv potensiala malik olur. Bir dişi fərd orta hesabla 350-yə qədər yumurta qoya bilir. Təxminən 15 gündən sonra yumurtalardan onları qoruyan bol mumlu ifrazatla örtülmüş sürfələr doğulur. Sürfələr qarmaqarışıq həyat sürürlər. 5 (4 və 1 natamam) yaş mərhələsi keçirən sürfələrin uzunluğu 0,4-dən 1,5 mm-ə qədər inkişaf edir. Son iki mərhələdə qanad açılışları olur. Zərərvericinin bitki üzərində ən gözə çarpan əlaməti sürfələr tərəfindən ifraz olunan ağ pambığa bənzər şirənin olmasıdır.
Bitkinin şirəsi ilə qidalanan zərəverici orqanların normal inkişafını pozur. Birillik toxumalarda hüceyrələr deformasiyaya uğrayır, qida maddələrinin hərəkəti, çiçəklərin sterilliyi pozulur, zoğlar quruyur və meyvələrin tökülməsi baş verir. Həmçinin, sürfələrin ifraz etdiyi pambığabənzər şirə dolayısı ilə bitki üzərində bəzi göbələk xəstəliklərinin inkişaf etməsinə şərait yaratmış olur. Bütün bunlar ağacların böyüməsinə və məhsuldarlığına mənfi təsir göstərir. Zərərverici ilə ən çox sirayətlənmə (zərəvericinin hücumu) çiçəkləmə və meyvəəmələgəlmə dövrlərində baş verir.
100 kiçik zoğda 2,5-3 nimfanın olması iqtisadi ziyanlı hədd hesab olunur.
Zərəverici bitkinin şirəsi ilə qidalandığından kimyəvi mübarizə zamanı təmas və bağırsaq təsirli preparatlardan istifadə olunması yüksək səmərə verir.
Zərəvericiyə qarşı təsiredici maddəsi:
Beta sypermetrin 40q/l+Dimethoate 300q/l (0,25 l/ha);
Deltamethrin 250q/kq (0,3kq/ha);
Thiamethoxam 250q/kq (0,12kq/ha);
Tiakloprid 480q/l (0,3l/ha);
İndoksarb 150q/l (0,4l/ha) və s. olan preparatların biri ilə kimyəvi mübarizə tədbirləri aparıla bilər.
Zərəvericinin biologiyası nəzərə alınaraq kimyəvi mübarizə tədbirlərini yazda bitkinin inkişafa başladığı dövrdə və ya çiçəkləmədən öncə aparılması tövsiyə olunur. Zərərverici ilə mübarizədə, qışda və yaxud erkən yazda ağacların mineral yağ emulsiyaları ilə işlənməsi də zərəvericinin populyasiyasının azalmasınada mühüm rol oynayır.
Pestisidlərin ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini nəzərə alaraq, kimyəvi mübarizə tədbirləri sahə üzrə mütəxəssislərin nəzarəti altında, pestisidlərdən istifadə zamanı məsarif normaları və təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla həyata keçirilməlidir.
B.e.ü.f.d. Şükür Əhmədov