Yonca bitkisinin təhlükəli zərərvericisi olan fitonomusa qarşı mübarizə tədbirləri necə aparılmalıdır
2021-04-22 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində yonca sahələrinin əsas zərərvericisi olan fitonomusa qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla ən təhlükəli zərərverici hesab olunur.Fitonomus əsasən yoncalıqda, şaxta tutmayan yerlərdə torpağın üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerində temperatur 120C-dən yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır.
Bu sürfələr mart ayının ortalarından iyun ayının əvvəllərinə qədər inkişaf edir. Bununla əlaqədar olaraq puplara az miqdarda may-iyun aylarında, cavan böcəklərə isə may ayından etibarən təsadüf edilir. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək, cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib onları gəmirir. Sürfələr tədricən böyüyüb,açıq-yaşayış dövrünə keçərək açılmış yarpaqlarla qidalanır.15-28 gündən sonra sürfə bir neçə yarpağı bir- birilə birləşdirib, arasında tordan barama hörür və onun içərisində pup halına keçir. Pupun inkişafı 6-11 gün davam edir, onlardan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq kölgə yerlərdə (bağlara, kolluqlara, tökülmüş yarpaqların altına və. s ) girib yay yuxusuna gedir. Fitonomus sürfə mərhələsində daha çox zərər vurur. Sürfələr yoncadan başqa heç bir bitki ilə qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalır və onun keyfiyyəti xeyli pisləşir.
Mübarizə tədbirləri :
1. Yazda yoncalıqlar ağır malalarla malalanmalıdır
2. İmkan daxilində yonca dibindən çalınmalıdır
3.Toxum üçün 2-ci çalım yonca sahəsi saxlanılmalıdır
Kimyəvi mübarizədə: Zeta Sipermetrin (0,15 l/ha), Deltametrin (1l/ha), Arrivo Sipermetrin, (24 l/ha) tərkibli preparatlarının birindən istifadə olunmaqla vegetasiya müddətində çiləmə aparılır.
Aqrar Xidmətlər Agentliyi Fermerlərin nəzərinə catdırır ki yonca sahələrində bu zərərvericiyə rast gəldikdə Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.