“Qızılı kartof nematodu” və ona qarşı mübarizə tədbirləri
2022-10-19 00:00:00
Adı: Latınca -Globodera rostochiensis (Wollenweber 1923), İngiliscə - Yellow potato cyst nematode; Rusca – Золотистая картофельная нематода
Təsnifatda yeri: Secernentea, Tylenchida, Heteroderidae, Globodera
Karantin statusu: EPPO – A 2, Azərbaycan – A 2 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 230 nömrəli qərarı)
Coğrafi yayılması: Qızılı kartof nematodu demək olar ki, dünyanın bir çox yerində Albaniya, Avstriya, Bolqarıstan, Belçika, Çexiya, Xorvatiya, Estoniya, Fransa, Finlandiya, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, Latviya, Litva, Polşa, Rusiya, Ukrayna, Ermənistan, İngiltərə, Afrika, İran, Türkiyə və s. kimi ölkələrdə yayılmışdır.
Sahib bitkilər: Kartof (Solanum tuberosum), vələmir (Avena sativa), şəkər çuğunduru (Beta vulgaris), brokoli (Brassica oleracea), bibər (Capsicum annuum), bəngotu (Hyoscyamus niger), tütün (Nicotiana tabacum), lobya (Phaseolus sp.), noxud (Pisum sativum), pomidor (Solanum lycopersicum), badımcan (Solanum melongena).
Morfoloji və bioloji xüsusiyyətləri: Dəyirmi qurdlardır. Bütün heteroderidlər kimi, kəskin fərqlənən cinsi dimorfizmi var. Dişi fərdin uzunluğu 1 mm-ə qədər, ön tərəfi bir qədər qabarıq olmaqla yumru bədən qurluşuna, cüt yumurtalığa və yüksək yumurtaəmələgətirmə xüsusiyyətinə malikdir. Dişinin rəngi mirvari-ağı, inkişafla əlaqədar olaraq, rəngi ağdan sarıya keçir, daha sonra, yetkin sista mərhələsində isə qızılı və ya tünd qəhvəyi rəng alır. Kutikulası qalındır və üst qatında çoxlu sayda qırışlar var. Cavan dişilərdə kutikulanın xarici qatı anal-vulva hissəsində daha dəqiq görünən nöqtələrin düzgün həlqəvi sırasından ibarətdir. Dişi fərd böyüyərək yarımkürəvi və ya oval forma alır. Daxilində isə yumurtalar formalaşır. Erkək fərdin uzunluğu 1,2 mm-ə qədər, baş halqaları nazikdir, sayı isə 5-6-dan 8-9-a qədər dəyişir. Başının kapsulası yaxşı inkişaf etmişdir. Rəngi qəhvəyi olub, forması oval və ya sferik olur. Yetkin fərdlərin həyat fəaliyyəti bitkilərin kök sistemi daxilində baş verir. İnkişaf üçün optimal temperatur 15-20ºC-dir. Erkək fərd qidalanmır, 10 gün ərzində torpaqda dişi fərdi taparaq onu mayalandırır və məhv olur.
Yumurta istehsalı bitdikdən sonra dişilərin daxili orqanları ölür, kutikula sərtləşir və onlar sistaya çevrilirlər. Sista - dişinin yumurtalarla dolu olan ölü formasıdır. Bir sistada 50-dən 1300-ə qədər yumurta ola bilər. Sistalar sahib bitkidən asanlıqla qopur və qışı torpaqda keçirirlər. Zərərverici 1-2 yaşlı sürfə formalarında da qışlaya bilirlər. Yazda torpaqda temperatur +60C olduqda bitki köklərinin ifrazatlarının təsiri altında 1 və 2 yaşlı sürfələr sistanı tərk edirlər. Sürfələrin sistadan çıxması 3-6 həftə davam edə bilər. Sürfələr sonra bitkinin kökünə daxil olurlar və burada aktiv inkişaf edərək 3-4-cü yaşa çatırlar. İnkişafın sonunda onlar zərərvericinin dişi və ya erkək fərdinə çevrilirlər.
Adi şəraitdə zərərverici yalnız 1, optimal şəraitdə isə 2 nəsli verə bilir və 1 nəsil 38-48 günə inkişaf edir. Nematodun aktiv çoxalma və inkişafına rütubətli hava şəraiti, güclü yağışlar kömək edir.
Morfoloji yaxın növlər: Qızılı kartof nematodunun imaqosuna morfoloji cəhətdən Solğun kartof nematodu (Globodera pallida) yaxındır. Açıq-sarımtıl rəngli olmasına və kutikulanın halqalarının sayına (8-12) görə ondan fərqlənir.
Göstərilən növdən əlavə, Globodera millefolii, Globodera artemisiae kimi növlərlə də morfoloji yaxın sayılır.
Aşkarlanması: Zəif sirayətlənmə səviyyəsi zamanı, tünd- yaşıl kartof əkininin arasında 0,5-5 m² sahədə ocaq şəklində, açıq- yaşıl rəngdə ləkələr müşahidə olunur. Ocaqlıqda bitki boy atmadan (25-60 sm) ümumi inkişafdan qalır. Kolların gövdələrinin bir hissəsi açıq-yaşıl, sarı-yaşıl rənglərində olur. Aşağı yarusun yarpaqlarında saralma müşahidə olunur.
Orta zədələnmə səviyyəsi zamanı, bir və ya bir neçə zəif boylu açıq-yaşıl, yaşıl və sarı rəngli kartof ocaqlıqları olur. Onların mərkəzindəki bitkilərdə isə ya cırtdanboyluluq, ya da məhvolma müşahidə olunur. Aşağı yarpaqları sarı, qəhvəyi, yuxarıdakılar isə kəsik-kəsikdir və bu zaman 1-3 ədəd zəifləmiş bitki gövdəsini görmək mümkündür. Lifli köklər torpağın üst qatından dərinə getmir. Köklər həddən artıq şaxələndiyinə görə “keçə” əmələ gətirirlər.
Güclü zədələnmə səviyyəsi zamanı, sahənin rəngi qeyri-bərabər şəkildə təzahür edərək, ləkəli, qəhvəyi, yaşıl-sarı, sarı rənglərdə olur. Yarpaqlar aşağı hissədən başlayaraq solub tökülməyə başlayırlar ki, bu da öz növbəsində kolun vaxtından öncə saralmasına və məhv olmasına gətirib çıxarır. Kökdə və torpaqda çoxlu sayda sista (qəhvəyi rəngdə) və dişi nematodlar (ağ və sarı rəngdə) olur.
Yayılma yolları: Kartof nematodunun təbii yayılma yolları nisbətən məhduddur, belə ki, torpaqda bitkilərin kök sisteminin ifraz etdiyi maddələrin təsirindən sistanı tərk etmiş sürfələr 1-2 yaş mərhələsində yalnız cüzi məsafədə (30 sm-ə qədər) hərəkət edə bilirlər. Nematodlar əsasən toxumluq, ərzaqlıq və emal məqsədilə idxal olunan kartof, əkin materialı, torpaq, bitkilərin soğanaqları, əmək alətləri, yağış suları, külək və c. vasitəsi ilə yeni sahələrə yayılır.
Ekologiyası: Növ, o qədər davamlıdır ki, invaziv mərhələdəki sürfələrin 10-11 ilə qədər sistaların daxilində anabioz vəziyyətdə, sahib bitki olmadan (kartof, pomidor, badımcan) belə, qeyri-əlverişli temperatur və quru torpaq şəraitində qorunub saxlanmasına imkan verir. Buna görə də, zərərverici şimal regionları ilə yanaşı, cənub regionlarında da yayılmışdır. Mülayim iqlim şəraiti və yüngül torpaqlar yaşayışları üçün daha əlverişlidir. Torpağın məsaməliliyi və nəmişliyin mövcudluğu kimi amillər sürfələrin kökə doğru hərəkəti zamanı çox vacibdir.
İqtisadi zərəri: İki səbəblə - növün karantin obyektlərinə mənsubiyyəti və yayılma xüsusiyyəti ilə bağlıdır. Zərərvericisinin inkişafı sahib bitkinin köklərində getdiyindən sirayətlənmiş bitkilərin gövdələri və yarpaqları vaxtından öncə saralmağa başlayır. Nəticədə kartofda kök yumruları ya xırda olur, ya da heç inkişaf etmir. Sahələrdə əkin növbələşməsi olmadıqda, fasiləsiz olaraq eyni yerdə kartof əkildikdə daha çox zərər yetirir. Məhsul itkisi 30-90% təşkil edə bilər. Birbaşa itkidən əlavə, daxili və xarici karantin hesab olunduğundan, məhsulun yoluxmuş sahədən, ərazidən çıxarılmasına da qadağa qoyulur ki, buda əlavə maliyyə itkisinə səbəb olur. Güclü sirayətlənmə hallarına, şəxsi təsərrüfatlara məxsus torpaqlarda daha çox rast gəlinir. Zərərverici həmçinin bitkilərdə qlaboderoz xəstəliyinin yayılmasına şərait yaradır.
Mübarizə tədbirləri
Zərərvericiyə qarşı aqrotexniki mübarizə üsulu olaraq növbəli əkin dövriyyəsinə ciddi əməl edilməsi, alaq otlarının (xüsusilə badımcançiçəklilər fəsiləsinə aid olan alaq otları) məhv edilməsi, məhsul yığldıqdan sonra sahənin bitki qalıqlarından təmizlənməsi, məhsulyığan texnikanın, alət və taraların dezinfeksiya edilməsi və zərərvericiyə qarşı davamlı sortların seçilməsini, həmçinin üzvi gübrələrdən və prepartalarla işlənmiş, dezinfeksiya edilmiş əkin materialından istifadə edilməsini qeyd etmək olar.
Bir sıra təcrübələrdə nematodlarının populyasiyasının azaldılması üçün tələ əkinindən uğurla istifadə edilmişdir (Halford, et al., 1999). Bu halda, ikinci yaşdakı sürfələrin yumurtadan çıxmasına şərait yaratmaq üçün kartof yetişdirilir və sürfələrin köklərə nüfuz etmək və yetkinlik yaşına çatmaları üçün kifayət qədər vaxt verilir. Əkin tarixindən etibarən torpağın temperaturuna nəzarət etməklə, torpaqda istiliyin yüksəlməsini gözləmədən, əkindən təxminən 6 və ya hətta 7 həftə sonra məhsulu yığaraq məhv etməklə və gübrələmə aparmaqla yeni yumurtaların əmələ gəlməsinin qarşısını almaq olar. Məhsulun məhv edilməsi çox gec aparıldığı halda nematodların sıxlığı arta bilər. Bu üsuldan istifadə etməklə G. rostochiensis populyasiyasını 80%-dən çox azaltmaq mümkün olmuşdur (Halford et al.,1999).
Çox isti iqlimə malik bölgələrdə solarizasiya (torpağın günəşləndirilməsi), nematodları öldürmək üçün yaxşı bir üsul hesab edilir. Bu üsul zamanı, torpaq iki qat polietilenlə örtülür ki, bu da altındakı torpağın tez istiləşməsinə imkan verir. Omanda Mani et al. (1993) 62 günlük solarizasiyanın G. rostochiensis populyasiyasının sıxlığını 95% azaltdığını müəyyən etmişdir. Bu üsuldan istifadə etməklə ABŞ-ın Nyu-York əyalətində nematod yumurtalarının 97%-i torpağın 10 sm dərinliyində təsirsiz hala salınmışdır (LaMondia və Brodie, 1984.). Daha soyuq iqlimlərdə bu üsulun effektivliyi az olur. Təbii ki, bu cür üsullardan daha çox kiçik təsərrüfatlarda, həyətyanı sahələrdə istifadə oluna bilər.
Nematodlara qarşı kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaqla nematisidlərdən və ya fumiqant nematisidlərdən istifadə olunur. Həmçinin, xüsusi təhlükəli zərərverici olduğunu nəzərə alaraq bitkiçilik məhsullarının, xüsusən də toxumluq kartofun idxalı və ixracı zamanı fitosanitar karantin nəzarəti tədbirlərinə ciddi əməl olunmalıdır.
Şükür Əhmədov
Biologiya elmləri üzrə fəlsəfə doktoru