Bruselyoz xəstəliyindən necə qorunaq
2023-11-16 00:00:00
Qoyunlar, keçilər, iribuynuzlu heyvanlar, donuzlar, dəvələr bu xəstəliyə həssasdır. Xəstəliyi bakteriyalar törədir.
Yoluxma yolları
- Xəstəlik törədicisi orqanizmə yem və su vasitəsi ilə həzm orqanlarının, o cümlədən tənəffüs orqanlarının selikli qişasından keçə bilər. Xəstəliyə yoluxmuş heyvanla eyni otlaqda olan heyvanlar da yoluxa bilər;
- Bakteriya xəstə heyvanların ifrazatının sağlam heyvanların zədəli dərisinə toxunmasından və gözə düşməsindən keçə bilər;
- Xəstəlik erkək heyvanlardan təbii cütləşməsi zamanı dişilərə, dişilərdən isə balalıq daxilində dölə keçə bilir;
- Xəstəliyin törədicisi ətraf mühitə , balalıq axıntıları, balasalma və ya doğuşdan sonra gələn dölətrafı maye ilə, həmçnin sidik və peyin vasitəsi ilə yayılır;
- Xəstəlik törədicisi süd vəzində mövcudluğunu qoruyaraq 3-9 il ərzində südlə xaric ola bilər.
Bruselyoz zoonoz olmaqla heyvandan insana keçir və xəstə heyvanlardan alınan süd və ət çiy halda yoluxma mənbəyi ola bilər. Xəstə heyvanın südündən hazırlanmış təzə, duzlanmamış pendir xüsusi ilə təhlükəlidir.
Xəstəliyin əlamətləri
- Xəstəliyin ilkin mərhələsində xüsusi əlamətlər müşahidə edilmir.
- Hərarətin yüksəlməsi, oynaqlarda ağrılar, çox tərləmə, tez gücdən düşmə kimi hallar baş verir;
- Balasalma adətən boğazlığın ikinci yarısında baş verir. Balasalmaya 1-2 gün qalmış yelin və xarici cinsiyyət üzvü şişir;
- Balasalmadan sonra, ətənənin ləngiməsi, balalığın mürəkkəbləşmiş infeksiyaları baş verir və qısırlıq, mastit yaranır;
- bəzi heyvanlarda oynaqların, erkəklərdə isə xayaların itihabı və şişməsi baş verir;
Müalicə, profilaktika və mübarizə tədbirləri
Əksər heyvanlarda bruselyoz əlamətsiz və latent keçir, diaqnoz seroloji müayinə vasitəsi ilə qoyulur.
- Balasalma və vaxtından əvvəl doğum baş verdikdə mütləq baytarlıq mütəxəssisləri dəvət edilməlidir. Onun iştirakı ilə xəstə heyvan dərhal təcrid edilməli, diaqnozu dəqiqləşdirmək üçün salınmış baladan və heyvanın qanından laboratoriyaya nümunə göndərilməlidir;
- Bruselyoza yoluxmuş heyvanlar müalicə olunmur. Xəstəliyi təsdiq edilmiş heyvanlar təcrid edilərək, müvafiq qaydalara uyğun olaraq kəsimə göndərilməlidir;
- Müasir peyvəndləmə vasitələri ilə profilaktiki peyvəndləmə (göz damcı üsulu), qabaqlayıcı və məcburi dezinfeksiya aparılmalıdır. (qabaqlayıcı dezinfeksiya üç aydan bir, xəstəlik baş verdikdə məcburi dezinfeksiya gündəlik aparılır)
- Təsərrüfata yeni gətirilmiş heyvanlar 30 gün karantində saxlanılmalıdır.