Texnikaların dövlət qeydiyyatı və texniki baxışı önəmlidir
2021-01-11 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də texniki nəzarətin təşkili, texnikaların reysterinin aparılması və sürücülük vəsiqələrinin verilməsidir. Belə ki, ötən il müddətində 85989 ədəd texnika qeydiyyata alınmış, 39267 texniki baxış keçirilmiş, 1525 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək ücün sürücülük vəsiqəsi verilmiş və 1590 ədəd sürücülük vəsiqəsi dəyişdirilmişdir, Eyni zamanda 1131 inzibati Xəta üzrə cərimə protokolu tərtib edilmişdir.
Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində monitorinqlər keçirilmiş, inzibati xəta protokolları tərtib edilmiş, həmçinin maarifləndirmə məqsədilə iştirakçılara rüsumları əks etdirən bukletlər paylanılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir.
Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.