Çəyirtkəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
2022-07-01 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən tərəfindən işğaldan azad olunmuş Ağdam rayonunun Qərvənd kəndi ərazisində çəyirtkəkimilərə qarşı 41 hektar ərazidə müşahidə işləri aparılmış, 33 hektar ərazidə sirayətlənmə qeydə alınıb, 25 hektar ərazidə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Respublika ərazisində bu günə kimi çəyirtkəkimilərə qarşı ümumilikdə 120685.84 hektar sahədə müşahidələr aparılıb, 45749.87 hektar sahədə sirayətlənmə aşkar edilib və 17306.48 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Bildiririk ki, Mərakeş çəyirtkəsinin sürfələri Respublika ərazisində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat versinlər.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.