Heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin aparılması məqsədilə Türkiyədən vaksinlər gətirilib
2024-01-29 00:44:45
Ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində xəstəliklərin əvvəlcədən müəyyən olunaraq qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmərlər Agentliyi tərəfindən bir sıra kompleks tədbirlər həyata keçirilir. Belə ki, xüsusi təhlükəli xəstəliklərdən olan və ölkəmiz üçün ekzotik tip hesab olunan dabaq xəstəliyinin SAT-2 tipinə görə risklər qiymətləndirilərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlər görülmüş, sərhəd rayonlarda bufer zonalar (kəndlər) müəyyən edilmiş və həmin kəndlərdə xəstəliyin SAT-2 tipinə qarşı profilaktiki peyvəndləmə təşkil edilib
Respublikada dabaq xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər aparmaq məqsədilə SAT-2 antigen tərkibli bir valentli peyvənd vasitəsinin təchizatı üçün Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında müqavilə bağlanılıb. Bu məqsədlə Türkiyə Respublikasının “ VETAL Hayvan Sağlığı Ürünleri A.Ş” şirkəti və Şap institutu tərəfindən 2023-cü ilin may ayında 375000 doza SAT-2 peyvənd vasitəsi Azərbaycan Respublikasına göndərilmiş və sərhəd zolaqlarında iri və xırda buynuzlu heyvanlar arasında tətbiq edilmişdir. 2023-cü ilin dekabr ayında isə Türkiyə Respublikasının Şap İnstitutu tərəfindən Azərbaycan Respublikasına əvəzsiz olaraq 250000 min doza peyvənd vasitəsi idxal edilmişdir. Hazırda dabaq xəstəliyinin SAT-2 serotipinə qarşı 311200 doza peyvənd ehtiyatı vardır. Ümumilikdə, 201 kənd üzrə 99520 baş iribuynuzlu,114188 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin SAT-2 serotipinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Sözügedən fəaliyyətlər çərçivəsində heyvan xəstəliklərinə qarşı peyvənd vasitələrinin əldə olunması üçün Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən müxtəlif vaxtlarda ölkəmizə vaksin yardımı həyata keçirilib.
Qeyd edək ki, ölkəmizdə heyvandarlıq sahəsində xəstəliklər üzrə profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi üçün Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dabaq İnstitutunun (Şap Enstitüsü) istehsalı olan iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün dabaq xəstəliyi əleyhinə 2, 3, 4 valentli peyvənd vasitələri (A ,O, Asiya-1, SAT 2 tipləri üçün) alınaraq ölkəmizə gətirilib.
Bildiririk ki, dabaq cütdırnaqlı heyvanların iti gedişli, kəskin kontagioz xəstəliyi olmaqla, yüksək temperatur, ağızın selikli qişalarında, dırnaq arasında və yelində aftaların yaranması ilə xarakterizə olunur. Xəstəliyə dəvələr, nadir hallarda atlar və digər heyvanlar yoluxa bilər. Xəstəlik təsərrüfatlara məhsuldarlığı aşağı salmaqla böyük iqtisadi ziyan vurur. Hazırda dabaq xəstəliyi üzrə ölkəmizdə epizootik vəziyyət sabitdir.