Xaçmaz rayonunda fermerlərə təlimlər keçirilib
2021-08-27 00:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Yüksək Təhlükəli Pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilir.
Layihənin əsas məqsədi üç müxtəlif aqrar istehsal texnologiyasının sınaqdan keçiriləcəyi və nümayiş ediləcəyi sahələr yaradaraq fermerlərə Yüksək Təhlükəli Pestisidlərə alternativlərin istifadəsini təşviq etmək və məlumatlılığın artırılmasını təmin etməkdir. 3 müxtəlif aqrar istehsal texnologiyası kimi Orqanik əkinçilik, Zərərvericilərə Qarşı İnteqrir Mübarizə, Ənənəvi əkinçilik üsullarından istifadə nəzərdə tutulur. Hal-hazırda layihə çərçivəsində Xaçmazda 5 hektarlıq nümayiş sahəsində orqanik əkinçilik və Zərərvericilərə Qarşı İnteqrir Mübarizə üsullarından istifadə etməklə pomidor əkini həyata keçirilmişdir. Layihə çərçivəsində ilkin olaraq 100 nəfər fermerdən ibarət Xaçmaz rayonu Sabiroaba kəndində İPM və orqanik kənd təsərrüfatı texnologiyasından istifadə edilməklə əkilən pomidor sahəsində fermer sahə məktəbi yaradılıb. Fermer Sahə Məktəbi vasitəsilə fermerlərin qeyd olunan texnologiyalar üzrə potensialını gücləndirmək üçün nümayiş sahəsinə səfərlər, eləcə də mütəxəssislərin iştirakı ilə seminarların təşkil olunması nəzərdə tutulur.
Bu məqsədlə Xaçmaz DAİM-də ən effektiv kənd təsərrüfatı təcrübələrinin fermerlərə ötürülməsi məqsədilə cari ilin 24 avqust tarixindən 3 günlük “Xiyar və pomidorda inteqrir mübarizə tədbirləri”,”Torpağın idarəedilməsi”,“Orqanik kənd təsərrüfatı” mövzuları üzrə təlimlər keçirilib. Həmçinin layihə çərçivəsində əkilmiş pomidor sahələrinə fermerlərin səfərləri təşkil olunub, nümayiş sahəsindən əldə olunacaq praktiki biliklər əsasında hər 3 texnologiyanın üstün cəhətləri barədə fermerlər məlumatlandırılıb. Təlimlərin keçirilməsi davam etdirilir.