Qaramalı yaman kataral isitmə xəstəliyindən necə qorumalı- Mütəxəssis tövsiyəsi
2020-12-18 00:00:00
Yaman kataral isitmə xəstəliyi qaramalın iti infeksion, qeyri-kontagioz, yüksək temperaturlu xəstəliyi olub, başın, bağırsaqların selikli qişalarının krupozlu iltihabı, gözün zədələnməsi və əsəb pozğunluqları ilə xarakterizə olunur.
İnfeksiyanın mənbəyi xəstə və virus daşıyan heyvanlardır. Xəstəliyin 2-ci dərəcəli mənbəyi isə virusla yoluxmuş yem, su, gənə, həşərat və s.-dir. Qoyunlar xəstəliklə yoluxub virusu bədənində saxlamaqla qaramalı yoluxdurur. Havanın kəskin dəyişməsi, temperaturun qəflətən düşməsi, soyuq hava, pis saxlanma və s. xəstəliyin baş verməsinə şərait yaradır.
Xəstəliyin kliniki əlamətləri: Xəstəliyin iti, yarımiti və atipik formaları mövcuddur. Onun inkubasiya dövrü bir neçə həftədən 3-4 aya qədər davam edir. Xəstəlik orqanizmdə düşkünlük, hərarət 42-43 oC-yə qədər qalxır. Heyvanda susama, qəbizlik, iştahasızlıq, boyun və qarın əzələlərində titrəmə və südün azalması müşahidə olunur. Xəstəliyin ikinci günü göz, burun və ağızın selikli qişalarında iltihabı proseslər başlamaqla, gözdən selik axması, göz qapaqlarında şişkinlik, konyuktivanın qızarması, damarlarda dolu-qanlılıq, infiltrasiyalı olması, sonra gözdən irin axıntısı görünür. Eyni zamanda burundan selik və fibrinli irin axır. Qırtlaq və burun boşluğunda iltihabı proseslər getdiyi üçün tənəffüs çətinləşir, xəstədə öskürək yaranır. Həmçinin, udlaqda iltihablı proseslər nəticəsində udqunma çətinləşir.
Dəri, ağız və burunun selikli qişasında nekrotik sahələr görünür. Gözdə parenximatoz keratit, selik qişasında bulanıq maye müşahidə olunur. Dərialtı hüceyrələrdə qan izləri, işgənbə, mədə-bağırsaqlarda iltihabi proseslər və qan sağıntıları görünür. Qaraciyər və böyrəklərdə qan sağıntıları və dolu-qanlılıq müşahidə edilir.
Xəstəliyə diaqnoz klinik, patoloji-anatomik və epizootoloji məlumatlara əsasən qoyulur. Bu xəstəlik taun, dabaq, quduzluq, leptospiroz, yoluxucu rinit, stomatit və keratit xəstəliklərindən təfriq olunur.
Xəstəliyin müxtəlif simptomatik müalicə üsulları mövcuddur. Bu, üsullarından ən effektlisi aşağıdakıdır:
10%-li, 200-300 ml kalsium-xlorid,
96%-li, 200 ml etil spirti,
25 qram qlükoza,
300 ml distillə suyu.
Hər 12 saat intervala 3-4 dəfə inəyin venasına vurulur. Daxilə isə oksitetrasklin 10-20 mq/kq, 10-20 qram nosulfazol gündə 3 dəfə verilir.
Bisillin-3 5000-8000 t.v/kq diri çəkiyə 5-6 gündən bir əzələyə vurulur. Həmçinin hər 48 saatdan bir 2 dəfə əzələ və ya dəri altına 80-100 ml qan vurulur.
Qeyd edək ki, xəstlikdən sağalmış heyvanlarda immunitet yaranmır. Onlar bir neçə aydan sonra, hətta, əvvəlkindən də ağır formada xəstələnə bilərlər.
Təsərrüfatda yaman keyfiyyətli kataral isitmə xəstəliyinin baş verməsinin qarşısını almaq məqsədilə heyvanların saxlanmasında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Binalar diqqətlə təmizlənməli və profilaktiki dezinfeksiya aparılmalıdır. İribuynuzlu heyvanlar və qoyun-keçilər binalarda ayrı saxlanılmaqla ayrı-ayrı otlaqlarda otarılmalıdır.