Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
2022-01-25 00:00:00
Aqrar Xidmətlər Agentliyində (AXA) 2021-ci ilin yekunlarına və cari ildə nəzərdə tutulmuş işlərə həsr olunmuş onlayn formatda görüş keçirilib. Görüşdə Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərləri və əməkdaşları, tabeli və yerli qurumların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələr, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, yeni innovativ texnologiyaların tətbiqi, həmçinin AXA-da aparılan struktur islahatları nəticəsində çevik idarəetmə mexanizminin yaradılması, DAİM-lərlə koordinasiyanın gücləndirilməsi, yerli qurumlarla işin səmərəliliyinin artırılması, DAİM Dəstək Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi, beynəlxalq təcrübəyə əsaslanan informasiya və məsləhət xidmətinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək davam etdirilir, fermerlərin bu tədbirlərdən istifadə etmək imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Görülmüş işlər nəticəsində ötən dövrlə müqayisədə bu sahədə daha çox uğurlu nailiyyətlər qazanılıb. Cari ildə nəzərdə tutulmuş işlərin səmərəliliyini daha da artırmaq üçün yerli qurumaların üzərinə böyük vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AXA-nın sədr müavinləri, şöbə müdirləri və DAİM rəhbərləri tərəfindən bitki mühafizə tədbirlərinin vaxtında və düzgün aparılması, fermerlərə informasiya və məsləhət xidmətinin təşkili, “Vahid sahədə vahid əkin” layihəsinin genişləndirilməsi, özəl baytarlıq xidmətlərinin üstünlükləri, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması, yeni layihələrinin həyata keçirilməsi, yerli qurumlarla işin düzgün təşkili, subsidiya mexanizmi ilə bağlı işlərin sistemli şəkildə qurulması, kadrların bilik və bacarıqlarının artırılması üçün təlimlərin keçirilməsi, kənd təsərrüfatı texnikalarına dövlət nəzarətinin həyata keçirilməsi istiqamətləri üzrə görülmüş işlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ötən il torpaq, su və digər resuslardan düzgün istifadə etməklə “Vahid sahədə vahid əkin” layihəsinin həyata keçirilməsində əməli işlər görülmüş və uğurlu nəticələr əldə olunub. Cari ildə də bu layihənin digər bölgələrdə həyata keçirilməsi aqrar sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin “Baytarlıq sahəsində xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 22 aprel tarixli fərmana əsasən tam özəl baytarlıq xidmətinə keçirilmiş 1158 nəfər baytar həkimi AQTA-da qeydiyyata alınaraq, onlara özəl baytarlıq xidməti ilə məşqul olmaq üçün şəhadətnamələr verilib və tədbirlərin icrası üçün AXA ilə müqavilələr bağlanılıb. Xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə alınmış yüksək keyfiyyətli dərman preparatlarının tətbiqi nəticəsində ölkədə epizotik vəziyyət stabil saxlanılıb.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə layihələr uğurla həyata keçirilib, 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması təmin edilib.
Fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə əkin bəyanlarının vaxtında təmin olunması bölgələrdə müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobuslarla vətəndaşlara səyyar xidmət göstərilib.
Görüşdə aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirələrin sonunda bu formatda görüşlərin mütəmadi olaraq davam etdirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıq və tövsiyələr verilib.