Karantin alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
2021-07-26 00:00:00
Aqrar Xidmətlər Agentliyinin yerli qurumları mütəxəssisləri tərəfindən Şəki-Zaqatala bölgəsində karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı 398 ha-da fitosanitar müşahidələr aparılmış, 308 ha-da sirayətlənmə aşkar edilmiş və 173 ha-da mübarizə tədbirləri aparılmışdır. Aparılmış mübarizənin 100 hektarı büdcə vəsaiti hesabına olmaqla, Dicamin SL 0,2 l/ha preparatından istifadə olunmuşdur. Aparılmış kimyəvi mübarizənin bioloji səmərəliliyi 93,7 % olmuşdur. 73 hektar tütün əkinlərində isə kultivasiya aparmaqla mexaniki yolla mübarizə aparılmışdır.
Bildiririk ki,Yovşanyarpağı ambroziyza birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində xüsusilə Qax, Zaqatala, Şəki rayonlarında geniş yayılmış bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, cəmənlikləri, otlaqları və meşə zolaqlarına zərər vurur. Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yovşanyarpaqlı ambroziyanın kökünün tamamilə kəsilməsi qarşıya məqsəd olaraq qoyulub. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata kecirilir, broşürlər, bukletlər, tövsiyələr hazirlanaraq fermerlərə çatdırılır, vaxtaşırı fermerlərlə görüşlər təşkil edilir, lazımi tövsiyələr verilir, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılır.
Cərgəvi bitkilər arasında ambroziyanın inkişafı üçün əlverişli şərait olduğundan bu alaq otları çox böyük sürətlə inkişaf edərək mədəni bitkilərin inkişafını əngəlləyir, şimal-qərb küləklərinin hakim olduğu bölgədə alaq otları münbit şəraitdə kütləvi toxum verərək asanlıqla Qaxdan Şəki, Zaqatala istiqamətində yayıla bilirlər..
Qeyd edək ki, karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı son ildə aparılan aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin nəticəsində alaq otlarının sahəsi və sirayətlənmə dərəcəsi xeyli azalıb. Mübarizə tədbirləri davam etdirilir. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər-ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir. Ambroziya tozcuqları sayəsində yaranan allergiya o qədər dayanıqlıdır ki, bu xəstəliyə tutulmuş insan bitkinin bitmədiyi yerlərdə belə xəstəliyin əlamətlərindən əziyyət çəkir. Bu tozcuqlar küləklə uzaq məsafələrə yayılır. Yovşanyarpaqlı ambroziyanın nisbətən çox yayıldığı rayonlarda insanlar arasında allergik xəstəliklərə - ambroziya polinozlarına daha sıx rast gəlinir.
Aqrotexniki mübarizə sahələrin ambroziyadan təmizlənməsində həlledici əhəmiyyət daşıyır. Bu üsul torpaqda alaq otunun toxum ehtiyatının tükənməsinə, torpağın və məhsulun təkrar alaqlanmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri (növbəli əkin sistemində becərilən bitkilərin düzgün növbələnməsini, torpağın becərilməsini, əkinə qulluq və s.) özündə birləşdirir. Ambroziyanın toxum verməsinin qarşısının alınması məqsədilə dənli taxıl bitkilərinin məhsulu yığılandan dərhal sonra kövşənlik çevrilməli (8-10 sm dərinlikdə) və ya ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şumlanmalı, əkin qabağı kultivasiya aparılmalı, tək-tək qalan alaq otları mexaniki üsulla məhv edilməlidir.