Aqrar Xidmətlər Agentliyində FAO-nun Türkiyə ofisinin nümayəndə heyəti ilə görüş keçirilib
2023-05-16 00:15:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdə səfərdə olan Türkiyə ofisinin nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində görüş keçirilib. Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini Cəfər Məhərrəmov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aqrar sahəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin nəticələri barədə məlumat verib və sözügedən layihənin ölkəmiz üçün vacibliyini bir daha nəzərə çatdırıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə Subregional Ofisinin Kənd Təsərrüfatı üzrə məsləhətçisi Fazil Düşüncəli FAO-Türkiyə ofisinin həyata keçirdiyi layihələr haqqında məlumat verib və Azərbaycanla bundan sonra da əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini nəzərə çatdırıb. Görüşdə həmçinin layihənin həyata keçirilmə müddətində icra edilmiş fəaliyyətlər, əldə edilmiş nəticələr, qarşıya çıxan problemlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.