Çəyirtkəkimilərin küpələrinin yaz nəzarət müşahidələri davam etdirilir
2023-04-25 00:00:00
Kənd Təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericilərindən olan çəyirtkəkimilərin Respublika ərazisində əsasən üç növü - Mərakeş, İtaliya və Asiya çəyirtkələri geniş yayılmışdır. Hər il respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin sürfə və yetkin fərdlərinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Mübarizə tədbirləri əsasən Tovuz, Ağstafa, Şabran, Şəki və Saatlı rayonlarının ərazilərində aparılır.
Cari ildə çəyirtkəkimilərə qarşı aparılacaq mübarizə işlərinin həcminin müəyyənləşdirilməsinə dair proqnoz məlumatlarının dəqiqləşdirilməsi üçün mart ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən zərərvericinin küpələrinin aşkar edilməsi və küpələrdəki yumurtaların bioloji vəziyyətinin öyrənilməsi üzrə yaz nəzarət müşahidələrinə başlanılıb.
Ümumilikdə 7643 hektar ərazidə yaz nəzarət müşahidələri aparılmış və 1108 hektar ərazidə zərərvericinin küpələri aşkarlanmışdır. Ən çox sirayətlənmə isə Ağstafa (768 ha), Tovuz (138 ha) və Şəki (41ha) rayonlarının ərazilərində müşahidə edilib.
Hazırda çəyirtkəkimilərin yayılma ehtimalı olan bütün rayonların ərazilərində Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin küpələrinin aşkarlanması üzrə yaz nəzarət müşahidələri davam etdirilir.