Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
2022-06-17 00:00:00
Avropa İttifaqının nüfuzlu “ The Parliament” nəşrində “Ağalı ağıllı kəndi” layihəsinin də həyata keçirilməsinə cavabdeh olan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyevin “Avropa İttifaqı üçün bir model təklif edən ən müasir Ağıllı Kənd” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Avropa auditoriyası bu iddialı layihənin həyata keçirilməsinin gedişi ilə tanış edilir. Məqalədə deyilir ki, “Ağalı ağıllı kənd” Azərbaycan layihəsi Avropada ağıllı kəndlərin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” (DİM) proqramına nail olmaqda hansı əsas rol oynaya biləcəyinə bir nümunədir.
2022-ci il aprelin 28-də Avropa Komissiyası Avropa İttifaqının 2030-cu ilə qədər iqlimə münasibətdə neytral və ağıllı yüz şəhər yaradılması proqramında iştirak edəcək 100 şəhərin adını açıqlayıb.
Məqalədə müəllif yazır ki, Aİ-nin oxşar missiyası həm Aİ-nin özündə, həm də qonşu ölkələrdə “ağıllı kəndlər” üçün də nəzərdə tutula bilərdi, çünki kənd rayonları yalnız aqrar sektorla əlaqədar olmayan “ağıllı” yanaşmanın köməyi ilə həll edilməli olan real və mürəkkəb inkişaf problemləri ilə üzləşirlər.
Konsepsiyanın artıq geniş şəkildə vüsət aldığı Aİ-nin qonşu ölkələrində bu, kəndlərin bərpası və yenidən qurulması səyləri üçün faydalı ola bilər. Bunun bariz nümunəsi Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun 2022-ci ilin may ayında ilk qayıdan sakinlərini qəbul edən Ağalı “ağıllı kənd” layihəsidir.
Ağalı kəndi minalardan təmizlənərək xarabalıqlardan yenidən qurulmuş, burada yeni obyektlər, intellektual idarəetmə mərkəzi, kənd təsərrüfatı xidməti idarəsi, tikiş fabriki, ailə tibb mərkəzi, uşaq bağçası, orta məktəb fəaliyyətə başlamışdır. Hər bir bina lif izolyasiyası, elektrodlu su qızdırıcısı, günəş batareyaları və kəndi müasir şəhər tipli qəsəbəyə çevirən digər “yaşıl” texnologiyalarla təchiz edilib.
“Ağalı ağıllı kənd” layihəsi beş əsas sahəni əhatə edir: ağıllı infrastruktur, ağıllı idarəetmə, ağıllı energetika, ağıllı təhsil və səhiyyə xidmətləri, həmçinin ağıllı kənd təsərrüfatı, məşğulluq və biznes sektoru. Layihə su, enerji və yol infrastrukturunun vahid intellektual platformaya inteqrasiyasına yönəlib. Burada yüksək sürətli genişzolaqlı rabitə və fiber optik internetə çıxış var. Bütün tullantıların idarə edilməsi dövrü yenidən təşkil edilib. Əhalinin rəqəmsal savadlılığının, o cümlədən onlayn tibbi məsləhətlər və bankomat apteklər vasitəsilə artırılması nəzərdə tutulub. Ağıllı ictimai təsərrüfatlarının tikintisi və istifadəçiyə istiqamətlənən, məlumatlarla və rəqəmsal texnologiyalar əsasında idarəolunan ağıllı icmanın yaradılması planlaşdırılır.
“Ağalı ağıllı kənd” layihəsi “təmiz və sərfəli enerji”, “sağlamlıq və rifah”, “yoxsulluğun olmaması”, “düzgün istehlak və istehsal”, “ləyaqətli iş və iqtisadi artım” və “iqlim mühafizəsi meyarları” da daxil olmaqla bir sıra mühüm tələblərə cavab verir. Layihə həm də iqtisadi səmərəliliyi baxımından uğurlu olub. İqtisadi səmərəliliyinin ilk qiymətləndirmələri və təhlili göstərib ki, “ağıllı kənd” layihəsinin əsaslandığı intellektual həllər özünü doğruldub və əvvəlki ənənəvi həllərlə müqayisədə əhəmiyyətli enerji qənaət effektinə malikdir. Həyata keçirilən layihə sayəsində Ağalı kəndi yüksək inkişaf etmiş kənd təsərrüfatı və turizm infrastrukturuna malik beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevriləcəkdir.
Ağalıya köçmək istəyənlərin çoxluğunu nəzərə alaraq, Azərbaycan hökuməti qəsəbəni genişləndirmək və işğaldan azad edilmiş ərazilərin “sıfır emissiya” zonasına çevrilməsi proqramına uyğun olaraq, Qarabağ iqtisadi rayonunda oxşar “ağıllı kəndlər”in yaradılmasında bu nümunəvi modeli tətbiq etmək qərarına gəlib. Bir sıra xarici şirkətlər və beynəlxalq təşkilatlar “Ağalı ağıllı kənd” proqramının və Azərbaycanın digər bölgələrində bu kimi layihələrin realizə edilməsində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Müasir rəqəmsal həllərin tətbiqi yolu ilə ucqar kənddə şəhər rahatlığının təmin edilməsi BMT-nin DİM-lərinə uyğun olaraq gələcək nəsillər üçün davamlı gələcəyin yaradılması üçün ön plana çəkilməlidir.
Ağıllı kəndlər ucqar rayonlara innovativ, texnoloji investisiyaların cəlb edilməsində, həmçinin həm Aİ, həm də qonşu ölkələrdə innovasiya mərkəzləri, klasterlər və texnoparkların yaradılmasında həlledici rol oynaya bilərlər.