QARAMALIN PİROPLAZMOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR TÖVSİYƏ
2021-06-03 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi(AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər və sahibkarlar piroplazmoz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, xəstəliyin qarşısını almış olarlar.
Ümumi məlumat: Qaramalın piroplazmozu qan-parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir. Azərbaycanda bu xəstəliyə böyük Qafqazın ətəklərində, Kür qırağının meşə və düzənliklərində, xüsusilə ölkəmizin Aran zonasında, Naxçıvan MR-da, cənub zonasında və digər yerlərdə təsadüf edilir.
Xəstəliyin yayılmasında əsas keçirici olan gənələr ən çox yaz, yay və payız aylarında xəstəliyin baş verməsinə səbəb olur. Bu aylarda gənələrin artımı üçün daha əlverişli şərait yaranır və ən şiddətli yoluxma qeydə alınır. Gənələr əsasən şumlanmamış kolluq, meşəlik, bataqlıq və başqa rütubətli yerlərdə əmələ gəlir. Respublikamızın dəniz səviyyəsindən 900—1200 m hündür yerlərində bu xəstəliyə təsadüf olunmur.
Əlamətləri:
hərarətin 41-42°C-dək yüksəlməsi
iştahanın itməsi
zəifləmə
arıqlama
tez yorulma
südün azalması
südün rənginin (sarımtıl rəng alır) və dadının (acı olur) dəyişməsi
qəbizlik
qanlı ishal
sidikdə qanın olması
selikli qişaların sarı rəngə boyanması
heyvanın ayaq üstə dayana bilməməsi
inilti ilə nəfəs alması
qulaqların sallanması
Heyvan müalicə edilmədikdə xəstəlik kəskinləşir və 5-6 gün müddətində tələf olur.
Profilaktikası: Xəstəliyin profilaktikasında gənələrin məhv edilməsi əsas şərtlərdən biridir. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid (baytar həkiminin təyinatı ilə) dərmanlarla çimizdirilməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də vacibdir.
Heyvanlar ilin isti fəsillərində akarisid dərman vasitələri ilə xüsusi vannalarda və ya çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalıdır.
Heyvanlarda piroplazmozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən piroplazmoza qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm hallar baş verib. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən zaman mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
AXA bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən piroplazmoza qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Meyvə bitkilərində dəmgil xəstəliyi...
2020-06-30 00:00:00