Payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir
2021-02-05 00:00:00
Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə taxılçılıq rayonlarında zərərvericilərlə bağlı müşahidə və mübarizə tədbirləri həyata kecirilir. Cari ilin yanvar ayında respublika ərazisində bu zərərverici ilə bağlı ümumilikdə 51193 hektar ərazidə müşahidələr aparılmış, mütəxəssislərin məsləhət və tövsiyələri 13824 hektar ərazidə mübarizə tədbirləri aparılmışdır. Umumilikdə oktyabr ayından 165175 hektar sahədə müşahidə, 41387,81 hektarda mübarizə tədbirləri həyata keçirilmişdir. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, ziyanvercilərə qarşı bir hektarda işlək yuvaların sayı dənli taxıl bitkilərində payız mövsümündə 50 yuva, erkən yazda 75 yuva, yaz mövsümündə 100 yuva olduqda mübarizə aparılır. Payızlıq əkinlərdə hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin yenidən inkişafa başladığı dövrdə aparılır.
Kimyəvi mübarizə məqsədilə sink- fosfid preparatı ilə aldadıcı yem hazırlanır. Aldadıcı yemin hazırlanmasında dənlərdən, günəbaxan tumundan, yarma, kəpək, sıyıq, kombinə edilmiş yemlərdən istifadə olunur. Gəmiricilərin zərər vurdugu sahələrdə hər işlək yuvaya 3 q aldadıcı yem qoyulur.
Fermerlərə siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.