Laçında yerləşən yak təsərrüfatında 28 buzov doğulub
2023-06-12 00:00:00
Yakların Laçın təbiətinə adaptasiyası prosesi davam edir
Qırğız Respublikasından pilot layihə çərçivəsində gətirilmiş yakların Laçın yaylaqlarına yerli şəraitə adaptasiyası davam edir. Hazırda təsərrüfatda döl prosesi davam edir. Yeni doğulmuş yak balaları və anaların sağlamlığı baytar həkimlərinin nəzarətindədir və mütəmadi müayinələr aparılır. Ümumilikdə, təsərrüfatda mövsüm ərzində 28 buzov (mamalak) doğulub. 26 bala Laçın yaylaqlarında, 2 bala isə Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda dünyaya gəlib. Balaların 18-i erkək, 10-u dişidir.
Qeyd edək ki, ölkəyə gətirilmiş yaklardan 3 baş heyvan təsərrüfat əhəmiyyətinin öyrənilməsi məqsədilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda saxlanılmaqla bəslənir.
Açıq ərazilərdə bəslənən yakların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı monitorinqlər keçirilir. Mövsümü xəstəliklərə və ektoparazitlərə qarşı nazirliyin əməkdaşları tərəfindən müvafiq baytarlıq-sanitariya tədbirləri həyata keçirilərək heyvanlar çimizdirilir. Yak təsərrüfatının idarə edilməsi məqsədilə mütəxəssislərə mütəmadi təlimlər keçirilir. Təlimlərdə onlara yakların dəniz səviyyəsindən 2000-4500 m yüksəklikdə açıq havada saxlanması, vəhşi təbiət heyvanlarından qorunması üçün gözətçi-qoruyucu itlərdən istifadə edilməsi, bağlı və yaxud qapalı halda saxlanılmaması, boğazlıq dövründə nəzarətin gücləndirilməsi kimi təcrübi biliklər öyrədilir.
Qeyd edək ki, yaklar Tibet dağları, Qazaxıstan, Tacikistan, Monqolustan, Əfqanıstan, Pakistan, Çin və digər ölkələrin yüksək dağlıq bölgələrində yetişdirilir. Keçmiş Sovet İttifaqında yaklar Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yerli şəraitə adaptasiya oluna biliblər.
Yak heyvan növünün əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahələrində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilir.
Qeyd edək ki, Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
Yaklar gətirilməzdən əvvəl Qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.
Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb. Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana idxal edilmiş, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.
Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır.