Heyvanlarında klavisepstoksikoz xəstəliyi və onunla mübarizə-Mütəxəssis tövsiyəsi
2020-12-23 00:00:00
Bitkilərdə yetişən və heyvanlarda zəhərlənmə əmələ gətirən göbələk növlərindən biri də klaviseps paspali-dir. Bu göbələklə zəhərlənmələr klaviseps paspaliotoksikoz adlanır. Qeyd olunan zəhərlənmə Azərbaycanda "titrəmə", Gürcüstanda "bandala", Amerikada "staggers" adı ilə məşhurdur.
Göbələyin əsas iki növü-paspalinin digitarum, paspalium dilatatum vardır. Onların toksini sklerosiyaların əmələ gəldiyi dövrlərdə olur ki, bu da Azərbaycan şəraitində avqust ayından başlayır. Claviceps paspali göbələyinin skelorsiyası kürəvari və ovalvari olub bozumtul-sarı rəngdədir.
Göbələyin yalnız skelorsiya fazası toksigendir. Əsasən onun lipid fraksiyası toksiki xassəyə malikdir. Laboratoriya təcrübə heyvanlarından ada dovşanları, dəniz donuzu və ağ siçanlar buna həssasdırlar. Pişik, it və toyuqlarda eksperimental şəraitdə zəhərlənmə əmələ gətirmək olur. Ada dovşanlarına hər 1kq diri çəkiyə 1, 5-3 q amili yemlə verdikdə kliniki əlamətlər 10-24 saat sonra büruzə verir. Bu zaman əzələ titrəməsi, qıcolma və iflic əlamətləri görünür. Siçanlarda 18-24 saat sonra ölüm baş verir.
Təbii şəraitdə klavisepstoksikozla ən çox at, eşşək, qoyun, qaramal və donuzlar xəstələnir. 1946-cı ildə Araz çayı ətrafında bir dəvə karvanı bütünlüklə klavisepstoksikoza bənzər xəstəliyə tutulub. Dəvələrin klavisepstoksikoza tutulması barədə ədəbiyyatda bu yeganə məlumatdır. Onu da xatırladaq ki, Azərbaycanda baş vermiş klavisepstoksikoz zamanı xəstəlikdən ölüm xəstələnənlərin 26%-ni təşkil etmişdir.
Xəstəliyin kliniki əlamətləri skelorsiyalarla yoluxmuş yemləri yeyən heyvanlarda 1-3-cü günü aşkar olur. Qeyd etmək lazımdır ki, kliniki əlamətlərin aşkar olmasının müddəti bir neçə səbəblə əlaqədardır. Bunlardan ən başlıcası heyvanın qəbul etdiyi yoluxmuş yemin miqdarıdır. Heyvan belə yemləri nə qədər çox yeyərsə, kliniki əlamətlər də bir o qədər tez nəzərə çarpır. Paspali göbələyi ilə yoluxmuş yemi heyvan qəbul etdikdə, göbələyin toksinində neytron zəhər olduğu üçün birinci növbədə mərkəzi sinir sisteminin pozğunluğu əlamətləri başlayır. Nəticədə ətraflarda əzələ titrəmələri, səndələmə hərəkətləri və yerə yıxılma müşahidə edilir.
Adətən xəstələrin bədən temperaturu normada olur, bu bəzən normadan bir qədər aşağı və yaxud da 0,3- 0,5 oC yuxarı qalxır. Görünən selikli qişalar nisbətən anemik (solğun), bir az da sarımtıl olur.
Atlarda, iribuynuzlu heyvanlarda və qoyunlarda ağır keçən xəstəliyin başlanğıcı zamanı heyvanın ağzından çoxlu selik axıntısı müşahidə olunur. Ağız boşluğunda və dodaqlarda köpüklənmə əmələ gəlir. Bir sutkadan sonra bu əlamətlər zəifləyir.
Heyvanlarda bu xəstəlik zamanı kövşəmə prosesi pozulur. Heyvanın qanında da normadan kənar vəziyyət qeydə alınmamışdır. Aparılmış bir çox tədqiqat işlərinin nəticəsində belə məlum olur ki, müxtəlif növ kənd təsərrüfatı heyvanlarının və onların müxtəlif yaşda olanlarının eyni partiya sklerosiyalara həssaslığı müxtəlifdir.
Xəstəlikdən ölmüş heyvanların daxili orqanlarında mühüm dəyişiklik görünmür. Mədə-bağırsaq sisteminin selikli qişasında nöqtəvari qansızmaları və bəzi orqanlarda distrofiyalar görünür. Nazik bağırsaq şöbəsi iltihablı olub, yapışqanlı seliklə dolu olur.
Xəstəliyin diaqnozu onun kliniki əlamətlərin müayinəsinə və yem məhsulunda sklerosiyaların görünməsinə əsasən müəyyən edilir. Klavisepstoksikozu ona oxşar xəstəliklərdən fərqləndirmək bir o qədər də çətin deyildir. Belə ki, bu xəstəlik müəyyən coğrafi zonalarda, haradakı otlaqlarda əlvari bitgilər üzərində sklerosiyalar olur, orada baş verir. Clav. paspaliumun sklerosiyası dəyirmi formada boz-sarı rəngdə olub, səthləri girintili-çıxıntılıdır, diametri 1,5-3,5 mm-dir. Lazım gəldikdə bioloji sınaq da qoyulur.
Xəstəliyin spesifik müalicə üsulu hələlik işlənilməmişdir. Xəstəlik baş verdikdə ilk təxirəsalınmaz tədbir heyvanları paspali göbələyi ilə yoluxmuş otlaqlaqdan çıxarıb sağlam otlağa keçirməkdir. Xəstəlik tövlə şəraitində baş verdikdə isə göbələyə yoluxmuş qaba yemi sağlam yemlə əvəz etmək lazımdır. Bu zaman mütləq xəstəlik dayanır və çox vaxt xəstələrdə öz-özünə sağalma da gedir.
Ümumiyyətlə, hələlik aparılmış tədqiqat işlərinin nəticəsinə əsaslanaraq xəstələnmiş heyvanların bağırsaq sistemindən yem kütləsini qovmaq üçün onlara işlətmə (qlaubez duzu) və ürək fəaliyyətini saxlamaq üçün ürək dərmanlarından (məsələn kofein) istifadə edilməsi məsləhət görülür.
Xəstə heyvanlardan bir dəfə olmaqla 1,0-1,5 litr qan buraxılır və vena daxilinə tərkibində 100 -150 q qlükoza olan bikarbonat sodanın 3%- li məhlulunda 1500 ml yeridilir. Həmçinin mədə-bağırsaqda olan zəhərin adsorbsiya edilməsi üçün aktivləşdirilmiş kömürün verilməsi vacibdir.
Profilaktika məqsədilə otlaqlar amilə görə yoxlanılmalıdır, ot məhsulları göbələyin çox yayıldığı rayonlarda çiçəklənmə fazasından bir az əvvəl biçilib yığılmalıdır. Çünki göbələk bitkilərin çiçəklənmə dövründə onlarda toksin əmələ gətirir. Sklerosiyalar əmələ gəlmiş otlar biçilməlidir. Yoluxmuş ot çırpılmalı və sklerosiyalardan təmizlənməli, yığılmış sklerosiyalar məhv edilməlidir. Çox yoluxmuş ot məhsulları isə zərərsizləşdirilməlidir.