Pambıq sahələrində zərərvericilərə qarşı bioloji mübarizə tədbirləri həyata keçirilir
2022-07-07 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyəti məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Respublikamızda pambığın əsas zərərvericiləri pambıq sovkası, tor gənəsi, payızlıq sovka, mənənə, trips və digərləridir. Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı təhlükəli zərərvericilərdən qorumağa imkan verir. Mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir.
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasının Bioloji mübarizə vasitələrinin istehsalı məntəqəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan tüfeyli həşərat olan trixoqrammadan istifadə edilməklə bioloji mübarizə tədbirləri həyata keçirilib. Belə ki, cari ilin iyul ayına qədər Sabirabad rayonu “Azərpambıq “ MMC-nin 3070 ha, Beyləqan rayonu “Azərpambıq ”MMC-nin 3200 ha, Kürdəmir rayonu ”Kürdəmir Pambıq” ASC –nin 280 ha, Saatlı rayonu “Azərpambıq” MMC-nin 2600 ha, Bərdə rayonu “Azərpambıq” MMC-nin 4000 ha, ümumilikdə 13150 ha pambıq sahələrinə sovkanın birinci nəslinə qarşı hektara 3 qr olmaqla trixoqramma səpilib.
Bioloji mübarizə vasitələrindən olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasının Bioloji Mübarizə Vasitələrinin İstehsalı Məntəqəsində çoxaldılır və tarlalara buraxılır. Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub, 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Tüfeylinin hər bir dişi fərdi 40-80 ədəd yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır. Pambıq sahəsinə hər nəslə qarşı 3-4 dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər nəslinin sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin azalması, məhsulun maya dəyərinin aşağı salınması, keyfiyyətli və təhlükəsiz məhsul əldə olunmasıdır.
Hazırda bölgələrdə müşahidə və mübarizə tədbirləri davam edir.