İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
2023-10-20 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri həyata keçirir.
Zərərsizləşdirmə (fumiqasiya) – müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
Bitki və bitki mənşəli məhsulların, istehsal və saxlanma yerlərinin, tədarük bazalarının, nəqliyyat vasitələrinin, taraların və karantin nəzarətində olan digər materialların fumiqasiya edilməsi təxirə salınmaz tədbirlərdən sayılır. Dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin Respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir.
Qeyd edək ki, 2023-cu ilin yanvar-sentyabr ayları ərzində sahibkarların müraciəti əsasında 82603.3 ton - dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və s. 269706.62 m3 - meşə materialları, 1 822515 m3 – istehsal və saxlanma yerləri, 1074 m3 yaş meyvə-tərəvəz, 230380 m2 istixana və digər yerlər zərərsizləşdirilib (fumiqasiya edilib).
Məqsədimiz insanların təmiz ətraf mühitdə yaşamasını və sağlam qidalarla qidalanmasını təmin etməkdir. Fumiqasiya (zərərsizləşdirmə) xidmətlərindən faydalanın!