Atların yemlənmə və saxlanma gigiyenası-mütəxəssis tövsiyəsi
2020-11-30 00:00:00
Aqrar Xidmətlər Agentliyi atların sağlamlığını, yüksək damazlıq və iş keyfiyyətini saxlamaq üçün gigiyenanın əsas qaydalarına, o cümlədən normal yemləmə, saxlanma, qulluq qaydalarına riayət etmək lazım olduğunu tövsiyə edərək bildirir ki, yem payı keyfiyyət və miqdar baxımından orqanizmin tələbatını ödəməsi ilə, tərkibində kifayət qədər zülallar, vitaminlər (karotin, D, B, C vitaminləri) və mineral maddələr (kalsium, fosfor, natrium-xlorid və s.) olmalıdır.
Atlarda mədə-bağırsaq sisteminin anatomik quruluşunu nəzərə alaraq onlara yem hissə-hissə verilməli və yem payına konsentrat yemlər nisbətən çox qatılmalıdır. Atların həzm orqanı qaba yemlərdən çəmən otunu, yoncanı, pişikquyruğunu, kətanı, taxıl bitkilərini, vələmiri, samanı və bəlimi yaxşı həzm edir. Saman konsentrat və şirəli yemlərlə birlikdə verilir.
Şirəli yemlərdən qarğıdalı silosu, yerkökü və şəkər çuğunduru atlar üçün çox faydalıdır. Atları qida toksinlərindən qorumaq üçün toksin önləyici qatqılar qatılır (botulizm və digər toksinlərin törədicilərindən), eləcə də heyvanı xəstəlikdən qorumaq üçün onlara təmiz silos verilməlidir. Silosa meyvəköklər də qatılmalıdır. Atlar üçün qüvvəli yemlərdən vələmir, arpa, qarğıdalı, kəpək və jmıx verilir.
Yayda atlar üçün yaşıl yem kütləsinin verilməsi çox faydalıdır. Atlara yaşıl yem kütləsi bilavasitə otlaqda və ya tövlədə biçilmiş halda verilə bilər. İşləyən atların istirahət zamanı otlaması üçün şərait yaradılmalıdır.
Yemləmə zamanı atların köklük dərəcəsinə fikir verilməlidir. Yaxşı yemləmə və saxlama şəraitində atın köklük dərəcəsinin aşağı düşməsi, onun hər hansı bir xəstəliyə tutulması (məsələn, mədə-bağırsağın xroniki iltihabı, maddələr mübadiləsinin pozulması, qurd xəstəliyi, dişlərin dəyişilməsi, qocalıq, ağır iş və yemləmənin qeyri-normal olması) ilə əlaqədardır. Belə atlar fərdi yemlənməlidir. Yemlənmədə yemlərin hazırlanma texnikasına fikir verilməlidir. Köklük dərəcəsini və sağlamlığı qorumaq üçün atların mineral maddələr və vitaminlərlə təmin edilməsinin böyük rolu vardır.
Yayda bir ata hər gün 30-50 q, qışda isə 20-30 q xörək duzu verilməlidir. Turş tərkibli, yağış altında qalmış yemlərlə yemlənən atlarda kalsium və fosfor çatışmazlığı əmələ gəlir. Bu çatışmazlığın qarşısını almaq üçün qüvvəli yemlərə tabaşir və sümük unu qataraq atlara verilməlidir.
Orqanizmin vitaminlərə olan ehtiyacını ödəmək üçün atlara yaxşı keyfiyyətli ot, meyvəköklər, qarğıdalı silosu verilməli, yayda isə onlar yaxşı otlaqlarda otarılmalıdır. Bundan başqa, onlara iynəyarpaqlı şam, küknar ağaclarının yarpağı verilməlidir. Sidr ağacının yarpağı gündə 300-350 q verilə bilər.
Atların yemlənməsində yemləmə rejiminin əhəmiyyəti böyükdür. Yemləmə rejiminin pozulması mədə-bağırsaq xəstəliklərinə səbəb olur.
Yayda idman atlarının yemlənməsi üçün aşağıdakı qədər vaxt ayrılmalıdır: günün birinci yarısında yemləməyə 1-1,5 saat; günorta yemləməsinə 2,5-3,0 saat; günün ikinci yarısı yemlənməsinə isə 1-1,5 saat. Bundan başqa, gecə yemlənməsinə də vaxt ayrılır.
Atların düzgün yemlənməsi aşağıdakı kimidir: əvvəlcə qaba, sonra şirəli və axırda qüvvəli yemlər; bundan sonra isə yenə qaba yemlər verilir. Belə yemləmədə atların iştahı, yemlərin həzm olunması və mənimsənilməsi yüksək olur.
Atları mədə-bağırsaq xəstəliklərindən qorumaq üçün onlara işdən əvvəl və sonra qatqılı- konsentrat yemlər verilməlidir.
Atlar qatqılı yemlərlə yemləndikdən 50 dəqiqə sonra işə cəlb edilməli, işdən 1-1,5 saat sonra isə yenə yemlənməlidir. İşdən sonra ata qaba və şirəli yemlərin verilməsi zərərli deyil.
Atları bir yemləmə rejimindən digərinə, habelə bir yemdən başqa yemə ehtiyatla keçirmək lazımdır (məsələn, pəyə şəraitindən otlaq şəraitinə).
Yem və yemləmə rejimi birdən dəyişdikdə mədə-bağırsaq xəstəlikləri (ishal, qəbzlik, sancı, köpmə və s.) əmələ gəlir.
Qış fəslində atlar gündə 3 dəfə, yay fəslində və idman zamanı 4-6 dəfə suvarılmalıdır. Atlar yemlənməyə qədər və yemləmədən sonra iki dəfə suvarılmalıdır. Tərli ata soyuq su vermək olmaz, çünki belə suvarma atda sancı və dırnaq revmatizmi xəstəliyinin əmələ gəlməsinə səbəb olur. İdman qurtardıqdan sonra gözləmək lazımdır ki, atın təri soyusun, nəbzi və tənəffüsü normaya düşsün. İdmandan bir saat sonra 0,5 vedrə su verilir, 1,5 saat sonra-isə azad suvarma aparılır.
Əgər at idman zamanı suvarılırsa, onda suvarmadan sonra işi davam etdirmək lazımdır. Soyuq su ata tədricən içirilməlidir. Bunun üçün suya bir qədər ot tökülür və ya suvardıqda atın başı tez-tez kənara çəkilməlidir. Daha yaxşı olar ki, idman qurtarmağa 30- 40 dəqiqə qalmış at suvarılsın. Belə olduqda idmandan sonra at yemi daha həvəslə yeyir, həzm prosesi normal olur və yaxşı istirahət edir.
Axşam işdən və yemləmədən sonra atları azad suvarmaq lazımdır. Onlara dənli yemlər (arpa, vələmir, noxud, darı və s.) verməzdən əvvəl suvarmaq lazımdır. Çünki iş zamanı at tərlə çox su itirir və həzm vəzilərinin şirə ifrazı zəifləyir. Bu da atın həzm orqanında dənin çox pis həzm olunmasına səbəb olur. Bundan başqa, dənli yemlərlə yemləndikdən sonra suvarılan atın həzm orqanlarında dən şişir və qıcqırır ki, bunun da nəticəsində sancı əmələ gəlir. Buna görə də atın dənlə yemlənməsinə 40-50 dəqiqə qalmış, yaxud yemlənmədən 2 saat sonra ona su verilməlidir.
Atları yoluxucu xəstəliklərdən qorumaq üçün onlara, ancaq (yol getdikdə) özlərinə məxsus qablarda su verilməlidir. Ümumi təknələrdə suvarılmağa isə qəti yol verilməməlidir. Qışda atlar çayda, gölməçədə suvarılmamalıdır, çünki onlar soyuqlamağa həsasdırlar- soyuqdəymədən xəstələnər, boğaz atlar isə bala salar.
Otlaqlarda atlar qrup şəklində suvarılmalıdır. Belə suvarmada atlar bir-birini zədələmir və onların rahat su içmələri üçün şərait yaranır.
İş atları qrup şəklində, damazlıq və idman atlar isə yem axurları ilə təmin edilmiş bölmələrdə saxlanır.
At tövlələrində havanın temperaturu, 5-6°C olmalı, nisbi nəmlik isə 80%-dən artıq olmamalıdır. At tövlələrində tam sanitar-gigiyenik şərait yaradılmalı, ventilyasiya, ifrazat kanalları işləmək olmalı və döşəməsinə yaxşı döşənək materialı səpilməlidir.
Hər gün atlar daraqla(şotka) ilə təmizlənməli və dırnaqları yoxlanmalıdır.
Aqrar Xidmətlər Agentliyi onu da tövsiyə edir ki, damazlıq atlara hər gün, idman atlarına isə idmandan sonra gəzinti verilməlidir. Atların sağlamlığı, daimi baytar həkiminin nəzarəti altında olmalıdır.