Heyvanlarda vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri
2023-12-28 00:00:00
Vərəm xəstəliyi bir çox heyvanların və quşların xroniki (uzunsürən) yoluxucu xəstəliyidir. Xəstəliyə insanlar da yoluxur.
Xəstəliyin törədicisi fərqli xüsusiyyətə malik mikobakteriyalardır. Törədici müxtəlif kimyəvi maddələrin və xarici mühitin təsirinə davamlıdır. Belə ki, torpaq və peyində 4-10 ilə qədər, süddə 9, yağda 300, pendirdə 145-200 gün, dondurulmuş ətdə bir ilə qədər yaşama qabiliyyətini saxlaya bilir. 100 C0 temperaturda mikobakteriyalar dərhal məhv olur.
Bakteriyalar ətrafa xəstə heyvanların bəlğəmi, tüpürcəyi, südü, nəcisi vasitəsi ilə yayılır. Törədici hava, yem və su ilə orqanizmə daxil olur. Körpə heyvanlar əsasən xəstə ana heyvanların südündən yoluxur.
Kliniki əlamətləri:
- Xroniki gedişli xəstəlik olduğuna görə ilkin mərhələlərdə xəstəliyin heç bir əlaməti görünmür;
- Xəstəlik inkişaf etdikcə heyvanların arıqlaması, tənəffüs orqanlarının pozğunluğu kimi əlamətlər müşahidə edilir;
- Xəstəlik şiddətlənən zaman döş qəfəsində xırıltılar eşidilir və ağrılı öskürək tutmaları baş verir;
- Quşlarda (daha çox toyuq, qaz, ördək və hind quşlarında) xəstəlik büruzə verməyən əlamətlərlə keçir. Xəstə quşlar tez arıqlayır, az hərəkətli olur.
Xəstəliyin profilaktikası, müalicəsi və mübarizə tədbirləri:
- Xəstəliyi ilkin mərhələlərdə aşkar etmək məqsədlə heyvanlarda dəriiçi (allergik) müayinə üsulu (tuberkulinizasiya) tətbiq edilir;
- Dəriiçi (allergik) müayinələrin aparılmasını rayon (şəhər) baytarlıq idarələri epizootik tədbirlər planına uyğun olaraq təşkil edir və ərazi üzrə fərdi baytar həkimləri tərəfindən həyata keçirilir;
- Dərisinin allergen tətbiq edilən yerində xəstəliyə məxsus şişkinlik yaranan heyvanları digər heyvanlardan ayıraraq laborator və digər müayinələrə cəlb edilməlidir;
- Heyvanın xəstəliyə yoluxduğu təsdiq olunduqda iribuynuzlu və xırdabuynuzlu heyvanlar qaydalara uyğun olaraq kəsimə göndərilməlidir;
- Digər heyvanlar tədric edilərək, şəraitə uyğun saxlanmalıdır;
- Xəstəliyə yoluxmuş təsərrüfatda gündəlik məcburi dezinfeksiya aparılmalıdır;
- Təsərrüfata yeni gətirilən heyvanlar 30 gün karantində saxlanmalıdır;
- Təsərrüfatlarda üç aydan bir profilaktiki dezinfeksiya aparılmalıdır;
- Heyvanlar qaba, sulu-şirəli, qüvvəli yemlərlə, vitamin və minerallarla kompleks yemləndirilməlidir;
- Heyvanlara müntəzəm gəzinti verilməlidir, tövlədə hava dəyişməsi üçün bacalar olmalıdır;
- Heyvanlar həddən çox sıx yerləşdirilməməli və rütubətli yerlərdə saxlanılmamalıdır.