Qarayara insan və heyvanların təhlükəli yoluxucu xəstəliyidir
2023-01-27 00:00:00
Respublikada cari ilin "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bu məqsədlə tədbirlər planına uyğun olaraq rayonlar üzrə vaksinlərin bölgüsü aparılaraq baytarlıq təyinatlı bioloji preparatlar “soyuq zəncir” rejiminə riayət olunaraq yerlərə çatdırılmışdır. Eyni zamanda rayon (şəhər) heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələri lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Qarayara bütün növ kənd təsərrüfatı, vəhşi heyvanların, həmçinin insanlar üçün xüsusi təhlükəli zoonoz xəstəlikdir. Xəstəlik gedişi ildırımvari, iti və yarım iti formadadır.
Epizootologiyası. Törədicinin yoluxma mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin qaldığı və ya basdırıldığı torpaq ərazisi hesab olunur.Törədici torpaqda kapsula (spor) yaratmaqla 100 ildən artıq qala bilir.
Klinik əlamətləri. İnkubasiya dövrü 1-3 gündür. Xəstəlik zamanı bədən temperaturu 42.5° C-dək yüksəlir, iştahsızlıq, zəiflik, tənəffüs çətinliyi, nəbz tezliyi müşahidə olunur, görünən selikli qişalar göyumtul şişkin olur. Qanda laxtalanma getmir.
Xəstəlik 3-7 gün çəkir və asfiksiya (boğulma) nəticəsində ölüm baş verir. Yarım iti formada xəstəlik iki-üç aya qədər çəkə bilər. Xəstəlikdən ölmüş heyvanın cəsədi tez bir zamanda şişir əzələlərdə gərilmə olmur, anus və burun ətrafında göyərmə müşahidə olunur. Cəsədin təbii dəliklərindən qanlı selik axıntısı müşahidə olunur.
Dəri formasında dəridə qara,yaşıla çalan rəngdə nekrotik yaralar müşahidə olunur;
Ağ ciyər formasında ağız və burun dəliklərindən qanlı köpük axır;
Mədə-bağırsaq formasında kal ifrazı əvvəlcə ləngiyir, sonra qanlı ishal baş verir, sidik tünd qırmızı rəng alır.
Müalicəsi. Xəstəliyə şübhəli və ya xəstə heyvanlarla təmasda olan heyvanlara hiperimmun serum və ya spesifık immunoqlobulin istifadə edilir. Eyni zamanda antibiotiklər və simptomatik müalicə vasitələri tətbiq edilir. Karbunkul və şiş varsa ətrafına serum yeritmək lazımdır. Serum xırdabuynuzlu heyvanlara, donuzlara və buzovlara 50-100 ml, qaramala və atlara 100-200 ml venadaxili vurulur. Anafilaksiya şokunun baş verməməsi üçün əvvəlcə 0,1-1 ml serum venadaxili vurulur, 15-20 dəqiqə sonra heyvanın halında dəyişiklik olmazsa tam doza inyeksiya edilir, yüksək dozada antibiotiklər tətbiq edilir:
Profilaktika və mübarizə üsulları. Xəstəliyə diaqnoz qoyulduqdan sonra təcili karantin elan edilir və mövcud təlimata uyğun tədbirlər həyata keçirilir. Stasionar qeyri-sağlam məntəqələrdə (onlara torpaq ocaqları deyirlər) şərti sağlam heyvanlara profilaktika məqsədilə vaksinasiya aparılır. Qarayaradan ölmüş heyvanların basdırıldığı torpaq və ya heyvanların yoluxmasına səbəb olan ərazi torpaq ocağı adlandırılır.. Qoyunlar, keçilər, atlar, qaramal və dəvələr ildə bir dəfə peyvənd edilirlər. Epizootik yüksəlmə zamanı xəstəlik əlamətlərindən asılı olmayaraq sürüdəki bütün heyvanlar vaksinasiya edilməlidir.
Aqrar Xidmətlər Agentliyi qarayara xəstəliyinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumları baytar mütəxəssisləri ilə əməkdaşlığa dəvət edərək, xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxması risklərini artırır. Heyvan sahibləri vaxtında heyvanları peyvənd etdirmək üçün fərdi baytarlıq praktikası ilə məşqul olan baytar həkimlərinə, o cümlədən rayon (şəhər) Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə müraciət etsinlər.
Hazırda ölkədə epizootoloji sabitliyin qorunmsı istiqamətində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Çəyirtkəkimilərə qarşı mübarizə təd...