AMERİKA AĞ KƏPƏNƏYİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ BAŞLANILIB
2021-06-01 00:00:00
Lənkəran və Astara rayonları ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən Lənkəran rayonu ərazisində 31 hektar ərazidə, Astara rayonu ərazisində isə 86 hektar ərazidə zərərvericiyə qarşı fitosanitar müşahidə aparılıb, ümumilikdə 28 hektar sahədə sirayətlənmə qeydə alınıb.
Hazırda ipəkqurdunun bəslənməsi ilə əlaqədar tut yarpaqlarından istifadə edildiynə görə mexaniki mübarizə üsulu tətbiq edilib. Mexaniki mübarizə zamanı ağaclarının zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Qeyd edək ki, Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, coxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Bölgələrdə Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.