Günəbaxan sahələrində parazit bitki olan “Orobanş” alaq otuna qarşı mübarizə tədbirləri həyata kecirilib
2022-06-06 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssislərinin iştirakı ilə Samux rayonunun Sarıqamış kəndində həyata keçirdiyi müşahidələr nəticəsində günəbaxan sahələrində parazit bitki olan “Orobanş” və ya xalq arasında kəhrə adlanan alaq otu ilə sirayətlanmə aşkar edilmiş və ona qarşı mübarizə tədbirləri həyata kecirilib.
Adıçəkilən alaq otu ilə kimyəvi mübarizədə alaq otunun cücərtisi 4–6 yarpaq fazasında olduqda “İmazamox” tərkibli Korzamox 120SL herbisidindən 1,25 L/ha məsarif normasında istifadə etmək tövsiyyə edilir. İmazapir (15 qr/l) + imazamoks (33 qr/l) kimi ikili tərkibli herbisidlər 1,2 L/ha məsarif normasında istiadə tövsiyə olunur. Çıxışdan sonra vegetasiya müddətində günəbaxan sahələrini bu preparatların köməyi ilə 30 gün müddətinə qorumaq mümkündür. Kəhrə ilə sirayətlənməyə qarşı davamlı sortlardan istifadə edilməlidir ki, bu, ən effektli üsul hesab edilir.
Bildiririk ki, Kəhrə çiçəkli parazit alaq otudur, əsasən günəbaxan, kələm, pomidor, tütün, kök, kartof, bibər, badımcan, qarpız, yemiş kimi mədəni bitkilərə yoluxur. Kökü və yarpağı olmur, yalnız gövdə, çiçək və tozlu toxumdan ibarət olur və gövdəsinin uzunluğu 50 sm-ə qədər çatır.
Hər günəbaxan bitkisinin kökündən 4-200 arası kəhrə çıxa bilir ki, bu da bitkinin böyüməsini dayandırır, günəbaxan bitkisinin kökündə inkişaf edərək mineral və üzvi maddələri mənimsəyir, sahib bitkini zəiflədərək məhsuldarlığı aşağı salır və məhv edir.
Aqrotexniki mübarizə zamanı aşağıdakı aqrotexniki qaydalara əməl etmək tövsiyə olunur:
-Sahələrdə dərin şum aparılmalıdır;
-Kəhrə ilə sirayətlənməyə qarşı davamlı sortlardan istifadə edilməlidir;
-Əkinqabağı toxumun təmizliyinə ciddi riayət olunmalıdır;
-Sahədə kəhrənin toxumları yetişməmiş, alaqlar məhv edilməlidir;
-Günəbaxan əkinlərində kəhrə ilə aqrotexniki mübarizədə növbəli əkin sistemindən istifadə edilməlidir, alaq otu ilə yoluxmuş sahələrə növbəti ildə qarğıdalı bitkisi əkilməsi məsləhət görülür.
Bitki Mühafizəsi və Fumiqasiya( zərərsizləşdirmə) Mərkəzi fermerlərin nəzərinə çatdırır ki, günəbaxan sahələrində qeyd olunan alaq otuna rast gəldikdə mərkəzin yerli qurumlarına müraciət etsinlər.
Lənkəranda çəltik əkinlərində alaq...