Şamaxı rayonunda xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya işləri yekunlaşıb
2020-08-19 00:00:00
Ölkədə xüsusi karantin rejiminin həyata keçirildiyi indiki dövrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini planlı şəkildə davam etdirir.
2020-ci ilin yanvar ayından Şamaxı rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra rayon ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, brusellyoz, çiçək, itlər arşında quduzluq və quşlar arşında nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib. Artıq Şamaxı rayonunda qeyd edilən, dövlət vəsaiti hesabına maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya işləri yekunlaşıb.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Şamaxı rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilib. Ümumiyyətlə, Şamaxı rayonunu əhatə edən təsərrüfatlarında 27857 baş iribuynuzlu, 132921 baş xırdabuynuzlu, 825 baş təkdırnaqlı heyvanda qarayara, 41406 baş iribuynuzlu, 104263 xırdabuynuzlu heyvanda dabaq, 19716 baş iribuynuzlu heyvanda leptezpiroz, 3972 baş itdə quduzluq, 28456 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 129103 baş xırdabuynuzlu heyvanlarda çiçək, 15555 baş iribuynuzlu, 117080 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 299645 baş körpə cücələrdə (La-sota) və 178500 baş quşlarda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə heyvanlardan qan nümunələri götürülür. Belə ki, 65 iribuynuzlu heyvandan bruselyozun və 965 baş qoçdan epdidimitin müayinəsi üçün qan nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Hazırda heyvanlarda qan alma tədbirləri davam etdirilir.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda dezinfeksiya işləri həyata keçirilir. Cari ilin 7 ayı ərzində Şamaxı rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 981 obyektin 52485 kvadratmetr ərazisində profilaktik dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitində aparılması, heyvanların günvurma və istivurmadan qorunması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, əvvəllər qarayara xəstəliyinə qarşı Şt-55 vaksininin quru forması işlədilirdi ki, bu zaman da onun istifadə olunmasında biotəhlükəsizlik tələblərinə riayət olunması çətinlik yaradırdı. Bunu nəzərə alaraq cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından alınması təmin edilib.
Məlumat üçün onu da qeyd edək ki, rayon (şəhər) baytarlıq idarələri lazimi miqdarda bioloji və dərman preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə, yəni +2÷+8 °C-də temperatur rejimində saxlayan termoçamadanlar vasitəsi ilə sahələrə çatdırılmaqla heyvanlara tətbiq edilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.