Cari ildə Dövlət Reyestrinə yeni sort, hibrid və heyvan cinsi əlavə olunmuşdur
2021-04-27 00:00:00
Fermerlərin yüksək keyfiyyətli sort/hibridlərə əlçatanlığını təmin etmək məqsədilə aparılmış sınaqların nəticəsinə əsaslanaraq 2021-ci ildə “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”nə 226 sort, hibrid və heyvan cinsi əlavə olunmuşdur.
Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi, seçilməsi və dövlət reyestrinə daxil edilməsi həyata keçirilmişdir. Həmçinin, əsas hədəflərdən biri də yerli ərazilərə adaptasiya oluna bilməyən və buna görə də istehsal problemlərinə səbəb olan sortların ölkədə yayılmasının qarşısını almaqla fermerləri keyfiyyətsiz sort/hibridlərdən qorumaqdır.
Belə ki, 2021-ci ildə Dövlət Reyestrində qeydiyyata alınan seleksiya nailiyyətlərində 226 sort, hibrid və heyvan cinsi, o cümlədən 57 ədəd dənli, dənli-paxlalı, texniki və yem bitkiləri, 158 ədəd tərəvəz və bostan bitkiləri, 2 ədəd çoxillik əkmələr, 7 ədəd dekorativ bitki, 1 ədəd göbələk sort, hibridləri və 1 qoyun cinsi öz əksini tapmışdır. Qeydiyyata alınan bitki sortlarından 198-nə respublika ərazisində istehsalına icazənin, 28-nə isə hüquqi mühafizəni təmin edən patent verilməklə Dövlət Reyestrinə əlavə edilmişdir.