Göyçayda epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər yerinə yetirilib
2020-12-21 00:00:00
“Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərini planlı şəkildə davam etdirir. Aparılan tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Göyçayda aparılan baytarlıq tədbirləri sayəsində rayonda epizootik sabitlik təmin olunub, bəslənən heyvanlar və quşlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilməyib.
Cari ilin 11 ayı ərzində Göyçay Rayon Baytarlıq İdarəsi və 19 sahə baytarlıq məntəqəsi rayonun ayrı-ayrı təsərrüfatlarında 66929 baş (o cümlədən 12457 baş cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu heyvanda çiçək, 44175 baş (o cümlədən 9246 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzluda nodluyar dermatit, 2039 baş leptospiroz, 38491 baş (o cümlədən 7374 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 56701 baş xırdabuynuzlu və 206 baş təkdırnaqlı heyvanda qarayara, 4110 baş itdə quduzluq, 58094 baş (o cümlədən 4316 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzlu və 44877 xırdabuynuzlu heyvanda dabaq, 48491 baş xırdabuynuzlu (Rev-1) və 10833 baş iribuynuzlu (Şt-19) və heyvanda buruselyoz, 148624 baş quş (“H” ştammı ilə) və 151921 baş körpə cücədə (“La-sota” ştammı ilə) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 20 baş ana qoyundan və 45 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq Qida Təhlükəsizliyi Agentliyinin Regional sınaq laboratoriyasına göndərilib. Xəstə heyvan aşkar edilməyib.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 11 ayı ərzində quşda askaridioza, iribuynuzlu və xırdabuynuzlu heyvanlarda diktikaulyoza, fassilyoza, eləcə də tizaniezioza və monezioza görə koproloji müayinələr aparılaraq müalicə işləri həyata keçirilib.
Rayonda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. Rayonda cari ilin 11 ayı ərzində mütəxəssislər tərəfindən 455 obyektin 22691 kvadrat metr sahəsində profilaktik dezinfeksiya işləri görülüb.
Heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il rayonun kənd təsərrüfatı heyvanlarını xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından istifadə olunub. Eləcə də mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetiriblər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilib. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də yeni koronavirus (Covid-19) pandemiyası ilə bağlı maarifləndirmə işləri aparıblar.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərmələri tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.