Karantin alaq otlarına (Yovşanyarpaqlı ambroziyza) qarşı mübarizə tədbirləri davam etdirilir
2020-07-13 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən iyul ayında karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı Şəki rayonunun Qax rayonu ilə həmsərhəd ərazilərində yerləşən Baş Layıskı kənd inzibati ərazi dairəsinin əhatə etdiyi biçilmiş taxıl sahələrində, həmçinin torpaq yollarında, kanal ətraflarında ümumilikdə 66,7 ha sahədə büdcə vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılıb
Qeyd edək ki, yovşanyarpaqlı ambroziyza birillik alaq bitkisi olmaqla respublika ərazisində xüsusilə Balakən, Qax, Zaqatala, Şəki rayonlarında geniş yayılmış bütün mədəni bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaqları və meşə zolaqlarını zibilləyir. Yovşanyarpaqlı ambroziyayanın bu rayonlarda tamamilə kökünün kəsilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilmiş, broşurlər, bukletlər, tövsiyələr hazirlanaraq fermerlərə çatdırılıb, vaxtaşırı fermerlərlə görüşlər təşkil edilib, lazımi tövsiyələr verilib, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılıb.
Məlumdur ki, Şəki-Zaqatala bölgəsində cərgəvi bitkilərin əkinlərinə (qarğıdalı, tütün, günəbaxan və s.) geniş yer verilir. Cərgəvi bitkilər arasında ambroziyanın inkişafı üçün əlverişli şərait olduğu üçün çox böyük sürətlə inkişaf edərək mədəni bitkilərə rəqabət göstərir, şimal-qərb küləklərinin hakim olduğu bölgədə alaq otları münbit şəraitdə kütləvi toxum verərək asanlıqla muxtəlif istiqamətində yayıla bilirlər.
Məlumat üçün qeyd edək ki , karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı son ildə aparılan aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin nəticəsində alaq otlarının sahəsi və sirayətlənmə dərəcəsi 4-5 dəfə azalmışdır. Mübarizə tədbirləri davam etdirilir.
Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla inkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Belə ki, ambroziya 1 ton quru maddə əmələ gətirməsi üçün torpaqdan 15.5 kq azot, 1.5 kq fosfor və 950 litr su istifadə edir. Taxıl bitkilərinə nisbətən daha çox kalium, kalsium, maqnezium və digər mikroelementləri (bor, dəmir, manqan, sink, qalay, nikel, xrom) mənimsəyir. Bitki intensiv sürətdə mədəni bitkilərin boy atmasını ləngidən xlorogen, izoxlorogen turşuları və müxtəlif efir yağları sintez edir. Nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kəskin azalır, güclü zibillənmə zamanı isə tamamilə məhv olurlar. Ambroziya tərkibində 0.07-0.15 % acı efir yağı olduğu üçün heyvanlar tərəfindən yeyilmir. Bu bitki qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir.
Yovşanyarpaqlı ambroziya alaq bitkisi olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər-ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial asmaya çevrilir. Ambroziya tozcuqları sayəsində yaranan allergiya o qədər dayanıqlıdır ki, bu xəstəliyə tutulmuş insan bitkinin bitmədiyi yerlərdə belə xəstəliyin əlamətlərindən əziyyət çəkir. Bu tozcuqlar küləklə uzaq məsafələrə yayılır. Yovşanyarpaqlı ambroziyanın nisbətən çox yayıldığı rayonlarda insanlar arasında allergik xəstəliklərə-ambroziya polinozlarına daha sıx rast gəlinir.
Aqrotexniki tədbirlər. Aqrotexniki mübarizə sahələrin ambroziyadan təmizlənməsində həlledici əhəmiyyət daşıyır. Bu üsul torpaqda alaq otunun toxum ehtiyatının tükənməsinə, torpağın və məhsulun təkrar alaqlanmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri (növbəli əkin sistemində becərilən bitkilərin düzgün növbələnməsini, torpağın becərilməsini, əkinə qulluq və s.) özündə birləşdirir. Ambroziyanın toxum verməsinin qarşısının alınması məqsədilə dənli taxıl bitkilərinin məhsulu yığılandan dərhal sonra kövşənlik çevrilməli (8-10 sm dərinlikdə) və ya ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şumlanmalı, əkin qabağı kultivasiya aparılmalı, tək-tək qalan alaq otları mexaniki üsulla məhv edilməlidir.
Kimyəvi mübarizə. Yovşanyarpaqlı ambroziyanı məhv etmək məqsədilə yazlıq və payızlıq taxıl əkinlərində 2.4 D amin duzu (1.6-2.0 l/ha), hektofermin (1.6-2.0 l/ha), veed killer (1.6-2.0 l/ha), lontrel (0.16-0.66l/ha), sorqoda aqritoks (0.7-1.2 l/ha), günəbaxanda dual (11.3-1.6 l/ha), şəkər çuğundurunda betanal (1-1.5 l/ha) , pomidorda treflan (2-2.5 l/ha) , zenkor ( 0.25-0.7 l/ha) , yoncada pivot (0.4-0.5l/ha), bağ və üzümlüklərdə raundap (3-6l/ha) herbisidi tətbiq edilir. Becərilməyən torpaqlarda ambroziyanın 4-6 əsl yarpaq fazasında raundap ( 3-6 l/ha ) və ya arsenal (2-2.5 l /ha ) herbisidlərindən biri tətbiq edilir.
Karantin alaq otlarına qarşı respublikanın bir çox regionlarında Aqrar Xidmətlər Agentliyinin yerli mütəxəssisləri tərəfindən müşahidələr aparılır, kimyəvi, aqrotexniki və mexaniki mübarizə tədbirləri davam etdirilir.
Kaliforniya çanaqlı yastıcası meyvə...