Quşların askaridioz xəstəliyinə dair mütəxəssis tövsiyəsi
2021-07-29 00:00:00
Aqrar Xidmətlər Agentliyi quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən parazitar xəstəliklərdən biri də quşların askaridiozudur.
Quşçuluqda askaridioz xəstəliyinin qarşısını almaq üçün fermer və sahibkarlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə biləcək askaridioz xəstəliyinin qarşısını almış olarlar.
Ümumi məlumat: Quşlarda xəstəliyi Ascaridae ailəsindən olan Ascaridia dalli tərəfindən törədilir. Askaridioz xəstəliyinə ev quşları, hind toyuqları, quluxarlar, firəng toyuğu və tovuz quşu, bəzən qazlar və ördəklər də yoluxurlar. Askaridlər quşlarım nazik bağırsağında parazitlik edir.
Quşlar daxilində invazion sürfə olan yumurtaları yemlə qəbul etdikdə yoluxurlar. Yağış qurdları (soxulcanlar) xəstəliyin yayılmasında sahib-rezervuar kimi mühüm rol oynayırlar.
Askaridioz xəstəliyinə ən çox cücələr həssasdırlar. Bir yaşdan yuxarı toyuqlar yaxşı yemləndikdə və bəsləndikdə askaridioz xəstəliyinə yoluxmurlar. Askaridlər toyuqların bağırsağında 9-12 ay yaşayır və xarici mühitə tökülməklə ilin isti aylarında 6-6,5 aya qədər yaşaya bilirlər.
Əlamətləri:
-yoluxmadan 10-14 gün sonra cücələrin pipiyi solğunlaşır,
-selikli qişalar anemiyalaşır,
-həzm prosesi pozulur,
-qəbizlik və ya ishal baş verir,
-qanadlar aşağı düşür,
-cücələr arıqlayır,
-zəifləyir və xəstəliyin 14-cü gününədək tələf olurlar.
Yemdə A və B vitaminlərinin çatışmaması cücələrin askaridioza qarşı müqavimətini azaldır və onlar daha tez yoluxurlar.
Profilaktikası. Profilaktik tədbirlər kompleksi askaridin inkişafında bioloji zəncirin qırılması və beləliklə, quşların yoluxmasının qarşısının alınmasına yönəldilir. Bu tədbirlər aşağıdakılardan ibarətdir:
1. Cavanların yaşlı toyuqlardan ayrı saxlanması və anac sexinə 4-5 aylıqdan tez keçirilməməsi.
2.Çöl şəraitində saxlanan quşların otlaq sahəsinin ayda bir dəfə dəyişilməsi və gəzinti sahəsinin aprel, may və sentyabr ayları şumlanması.
3.Quş damlarından və gəzinti sahələrindən gündəlik peyinin yığılması və zərərsizləşdirilməsi.
4.Quşların tamdəyərli və kifayət qədər yemlə, təmiz su ilə təmin edilməsi.
5.Cavanlar ayrıca saxlandığı zaman ildə iki dəfə oktyabr-noyabr aylarında və yumurtalamağa bir ay qalmış dehelmintizasiya aparılmalıdır. Çolpa, fərə və beçələr toyuqlarla birlikdə saxlananda birinci dəfə 2-3 aylığında, ikinci dəfə isə çöl şəraitindən binaya keçirilərkən yerinə yetirilir.
Adi quşçuluq fermalarında askaridiozun geniş yayılması üçün daha əlverişli şərait olduğuna görə belə təsərrüfatlarda vaxtlı-vaxtında profilaktik tədbirlər aparılmalıdır. Binalar və avadanlıqlar təmizlənməli və müntəzəm olaraq dezinfeksiya edilməlidir.
Quşlarda askaridioz xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin nəzarəti və iştirakı ilə təsərrüfat sahibinin hesabına aparılır.
AXA təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırır ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşlarda ümumi halsızlıq zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.