Əkin sahələrində siçanabənzər gəmiricilərlə mübarizə tədbirləri
2020-09-30 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi aqrobiosenozlarda və dövlət fond torpaqlarında fitosanitar vəziyyəti daimi olaraq ciddi nəzarətdə saxlamaqla, kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları, şəxsi təsərrüfatlar və digər kənd təsərrüfatı təmayüllü subyektlərə əməli və metodiki köməklik göstərir.
Məlumat üçün bildiririk ki, siçanabənzər gəmiricilər müxtəlif bitkilərlə qidalanan zərərvericilər qrupuna aiddir. Buraya ölçüləri, həyat tərzi, qida xüsusiyyətləri və s. ilə bir-birindən fərqlənən müxtəlif ailələrin nümayəndələri daxildir. Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatına ən çox zərər vuran adi və ictimai çöl siçanlarıdır.
Siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarını müəyyən etmək, aparılacaq mübarizə tədbirlərinin həcmini proqnozlaşdırmaq, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir.
Siçanabənzər gəmiricilərin artıb çoxalması üçün optimal temperatur 10-250C-dir. Havanın temperaturu yüksək olduqda yaşlı fərdlər istilərə dözməyərək məhv olur, kiçik yaşlı fərdlər isə yaşlılara nisbətən istiyə daha çox davamlıdırlar. Bunun əksinə olaraq havanın şaxtalı olduğu dövrdə yaşlı fərdlər davamlı, cavan fərdlər isə davamsız olur. Bu səbəbdən şaxtalı havalarda cavan fərdlərin kütləvi məhv olması baş verir.
Böyük bədən ölçülü istiqanlılara nisbətən siçanabənzər gəmiricilər fərqli bioloji orqanizm olaraq yaşamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən onların daha çox qidalanmasına ehtiyac yaranır. Müqayisə üçün göstərmək olar ki, iri buynuzlu qaramal bir gündə öz çəkisinin 4,8%-i qədər qida qəbul edirsə, gəmiricilər 100-200%-i qədər qida qəbul edə bilir.
Çöl siçanları (bitkilərin yaşıl hissələri və toxumlarla qidalananlar) qış üçün yem ehtiyatı toplamır, onlar qarın altında belə özlərinə yollar açaraq qida tapa bilirlər.
Çoxillik məlumatlara əsaslanaraq demək olar ki, Azərbaycanda hər il orta hesabla 250-300 min hektar bəzən daha çox ərazidə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə aparılır.
Siçanabənzər gəmiricilərə qarşı payız və yaz mövsümündə, zərərvericilərin sayı iqtisadi zərərvurma həddində olduqda mübarizə tədbirlərinə başlanmalıdır.
Zərərvericiyə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolu böyükdür. Belə ki, əkin sahələrində məhsulun vaxtında və itkisiz yığılması, bitki qalıqlarının sahədən təmizlənməsi, sahənin vaxtında şumlanması, becərilməsi, sualtı əkinlərdə sahələrin vaxtında suvarılması, həmçinin əkinətrafı ərazilərin bellənməsi və ya şumlanması siçan populyasiyalarının artmasının qarşısının alınmasında mühüm rol oynayır.
Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsuldan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı Sink-fosfid və Brodifakum preparatları tətbiq olunur.
Mübarizə məqsədi ilə Sink-fosfid preparatı istifadə olunmaqla gəmiricilərin qidası olan yemlərdən biri ilə aldadıcı yem hazırlanaraq mübarizə aparılır. Bu məqsədlə buğda dəni və ya günəbaxan tumundan istifadə edilə bilər.
Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və yemin cəlb ediciliyini təmin etmək üçün 2,5 l bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink-fosfid preparatı əlavə edilərək yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya normaya uyğun istifadə edilir.
Hər işlək yuvaya 3 qram sink-fosfidlə hazırlanmış aldadıcı yem (0.5 çay qaşığı-75 buğda dəni) qoyulur. Siçan fərdinin letal dozanı, öldürücü miqdarı alması üçün hazırlanmış aldadıcı yemdən 0.15 q (5 zəhərli dən) yeməsi kifayətdir. Yem qoyulduqdan sonra yağışdan və quşlar tərəfindən yeyilmədən mühafizə məqsədilə yuva torpaqla örtülür. Yağmursuz havalarda və quşlardan kənar sahələrdə yuvaların örtülməsinə ehtiyac yoxdur. Aldadıcı yemin təyyarə ilə səpilməsi yolverilməzdir.
Brodifakum- hazırda açıq sahələrdə siçanabənzər gəmiricilərə qarşı təsiedici maddəsi brodifakum olan yüksək səmərəli II nəsil antikoaqulyatından da istifadə edilir. Qeyd edilən tərkibli rodentisitin qranul, kapsul və yumşaq briketlər şəklində istifadə olunması daha məqsədəuyğundur.
Preparatın letal dozasını qəbul etdikdən bir sutka sonra qanın laxtalanma səviyyəsi kəskin aşağı düşür. Nəticədə gəmiricidə istənilən daxili və ya xarici zədələnmə, damarların keçiriciliyinin yüksəlməsi daxili qanaxmaya və ölümə gətirib çıxarır. Letal doza qəbul etdikdən bir neçə gün (3-7 gün) ərzində maksimum ölüm baş verir.
Brodifakum tərkibli preparatla aldadıcı yem hazırlayarkən 1 kq dənə 20 ml preparat (0.25 %-li Brodifakum), cəlbedici olması üçün 30 ml bitki yağı və 30 q şəkər əlavə etmək olar. Aldadıcı yemin iri vannaların içərisində hazırlanması və polietilen kisələrdə sahəyə daşınması daha məqsədəuyğundur. Belə hazırlanan aldadıcı yem payızda və ya yazda çöl siçanlarının hər işlək yuvasına 10 q (240 ədəd buğda dəni, yaxud kiçik xörək qaşığı ilə 13 q buğda dəni götürmək olar) olmaqla qoyulur.
Çöl siçanlarının populyasiya sıxlığı iqtisadı ziyanlı həddən yuxarı olduqda hər mövsüm ərzində 2 dərmanlamadan çox olmamaqla və dərmanlamalar arası 2 həftə olmaqla brodifakum tətbiq edilir.
Aldadıcı yemlər yaşayış məskənlərindən kənarda, xüsusi meydançalarda hazırlanmalıdır.
Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki, sahələrdə siçanabənzər gəmiricilərə rast gəldikdə rayon bitki mühafizə mərkəzlərinə və yaxud Kənd Təsərrüfatı Nazirliyinin “1652” Çagrı Mərkəzinə məlumat versinlər.
Pambıq sovkasının ikinci nəslinə qa...