Qəhvəyi Mərmər Bağaçığına qarşı mübarizə tədbirləri davam etdirilir
2023-11-06 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığının qışlama yerlərində monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Respublikanın müxtəlif bölgələrində zərərvericinin populyasiyaların kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 2787 ədəd feromon tələ quraşdırılıb. Həmçinin mərkəzin əməkdaşları tərəfindən qeyd olunan rayonların kəndlərinin ictimai iaşə obyektlərində, yardımçı tikililərdə və inzibati binalarında təhlükəsizlik qaydaları əməl etməklə zərərvericiyə qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Eyni zamanda Respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə Hevan sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin mütəxəssisləri tərəfindən “Mazımqara” və “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqələrində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Böyük-Kəsik dəmiryol stansiyasında nəqliyyat vasitələrində sutka ərzində zərərsizləşdirmə (dezinseksiya) tədbirlərini davam etdirilir. Belə ki, yeni mövsümdən etibarən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsində 6001 ədəd, “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 14031 ədəd avto-nəqliyyat vasitəsində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Böyük-Kəsik dəmiryol stansiyasında isə 15173 ədəd vaqonda zərərsizləşdirmə tədbirləri aparılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı polifaq yəni, bir çox bitki növləri ilə qidalanan zərərvericidir, dünyada əsasən fındıq bağlarına ziyan vurduğu məlumdur. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi mövsüm boyu 300-ə qədər yumurta qoya bilir.
Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Nəticədə meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ-kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Bağacığın insanlar üçün heç bir təhlükəsi yoxdur, o insanları sancmır və ya dişləmir, sadəcə spesifik qoxusu vardır.
Zərərverici kütləvi müşahidə olunduğu halda vətəndaşlardan Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin yerli qurumlarına müraciət etmələri xahiş olunur. Əhali özü isə evlərdə, yaşayış yerlərində zərərvericini fiziki üsulla da məhv edə bilər.
Çəyirtkələrin miqrasiyasının qarşıs...